TƏDBİRƏ XOCALILAR DƏVƏT OLUNDU

”Xocalı soyqırımı”nın 24-cü ildönümü münasibətilə tədbirlər planına əsasən Universitetin bütün fakültələrində və şöbələrində Xocalı faciəsi ilə bağlı stendlər, guşələr yaradılmış, vətənpərvərlik mövzusunda bədii qiraətlər, inşa yazı müsabiqəsi, xüsusi dərs və məşğələlər keçirilmişdir. Biologiya-kimya fakültəsinin hazırladığı silsilə tədbirlərdən biri Baş binanın iclas zalında nümayiş etdirildi.

Tədbirdə Humanitar məsələlər üzrə prorektor dosent Asif Cavadov, Biologiya –kimya fakültəsinin dekanı dosent İsfəndiyar Alverdiyev, Xocalı faciəsinin canlı şahidləri və məcburi köçkünlər olan Səmayə Mirzəyeva, Vaqif Məmmədov və Mirzəxan Quliyev, müəllim və tələbə heyəti iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor dosent Asif Cavadov açaraq erməni faşistləri tərəfindən həyata keçirilən Xocalı soyqırımı haqqında məlumat verdi. Xocalı faciəsində həlak olan insanların ruhu bir dəqiqəlik sükutla yad edildi.

Dosent Asif Cavadov qeyd etdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Xalqın bir hissəsi tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.

Xocalı faciəsinin canlı şahidləri olan Səmayə Mirzəyeva, Vaqif Məmmədov və Mirzəxan Quliyev bu dəhşətli hadisədən bəhs etdilər. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Səmayə xanım öz çıxışında bildirdi ki, Vaqif müəllimin babası ermənilər tərəfində vəhşicəsinə, doğranaraq öldürülmüşdür. Müharibə veteranı olan Mirzəxan Quliyevin atasının bibisi və həyat yoldaşı ermənilər tərəfindən qol və ayaq sümükləri qırılaraq amasızlıqla qətlə yetirilmişdir.

Fakültə dekanı dosent İsfəndiyar Alverdiyev öz çıxışında tələbələri, gəncləri bu vəhşilikləri unutmamağa səslədi. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Tədbirin sonunda Xocalı sakinlərinə kollektiv adından təşəkkür edildi.