QISA BİOQRAFİK MƏLUMAT
Həsənov Mirzə İsmayıl oğlu 1941-ci ilin mart ayının 1-də Azərbaycan Respublikası Xanlar rayonunun (indiki Göygöl rayonu) Fadılı kəndində anadan olmuş, 1948-1949-cu tədris ilində Qırıxlı kənd orta məktəbinin (indiki Cavanşir Nəzərov adına) birinci sinfinə daxil olub 1958-1959-cu tədris ilində həmin məktəbin onuncu sinfini bitirmişdir.
Ailəlidir, 3 övladı var.
TƏHSİLİ
Həsənov Mirzə İsmayıl oğlu 1959-1960-cı tədris ilində S.M.Kirov adına Kənd Təsərrüfatı texnikumuna daxil olub və 1962-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirmişdir. 1965-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) “Biologiya və kənd təsərrüfatı əsasları” fakültəsinə qəbul olunub, 1969-cu ildə Biologiya ixtisasını Lenin təqaüdü ilə bitirmişdir
İŞ TƏCRÜBƏSİ
O, 1963-cü ilin sentyabrından 1965-ci ilin sentyabr ayına kimi Göygöl rayonunun N.Nərimanov adına orta məktəbində (indiki Cavanşir Nəzərov adına) təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləmişdirş 1969-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Biologiya ixtisasını Lenin təqaüdü ilə bitirdiyindən təyinat komissiyasının və rektorluğun razılığı əsasında İnstitutda saxlanılmış, Botanika kafedrasına laborant kimi əmək fəaliyyətinə başlamışdır. Onun əmək və elmi fəaliyyətini nəzərə alaraq İnstitut şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Bakı Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) məqsədli aspiranturaya göndərmişdir. Aspiranturanı bitirdikdən sonra Təhsil Nazirliyinin təyinatı ilə yenidən Gəncə Dövlət Universitetinə göndərilmiş və Botanika kafedrasında laborant vəzifəsinə təyin edilmişdir. 1976-cı ilin sentyabrından müəllim, baş müəllim və 1983-cü ildən hal-hazıra kimi dosent vəzifəsində işləyir.
Elmi fəaliyyəti
Elmi fəaliyyətə tələbə olduğu dövrdən başlamışdır. Botanika kafedrasında fəaliyyət göstərən “Botanika” elmi dərnəyinin fəal üzvlərindən olmuşdur. Bu sahədə ilk təcrübəni kafedranın dosenti Bağırov Cəlal Mirələsgər oğlunun rəhbərliyi ilə əldə etmişdir. 1989-cu ilin may ayında o, Gürcüstan Respublikasının Batumi şəhərində gənclərin elmi konfransında “Pomidor bitkisinin anatomik tədqiqi” mövzusunda məruzə etmiş və məqaləsi nəşr olunmuşdur.
O, aspiranturada təhsil aldığı müddətdə “Mikroelementlər və hibberellinin üzüm bitkisində gedən bəzi fiziloji-biokimyəvi proseslərə təsiri” mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Aspirantura müddəti başa çatana kimi ondan çox elmi məqaləsi Azərbaycan Milli Elmlər Akademiyasının elmi xəbərlərində, Universitetin elmi qeydlərində nəşr olunmuş və 1974-cü ilin avqust ayında təhsilini başa vurmuşdur. 1974-cü ilin avqust ayının 28-də onun tamamlanmış namizədlik dissertasiyasının Universitetin “Bitki fiziologiyası” kafedrasında ilkin müdafiəsi keçirilmiş, müdafiəyə təqdim olunması məsləhət bilinmişdir. 1975-ci ilin may ayında namizədlik dissertasiyasını Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Şurasında müvəffəqiyyətlə müdafiə etmiş və iş həmin ilin oktyabrında Ali attestasiya komissiyası tərəfindən təsdiq edilmişdir. 1985-ci il 27 fevralda dosentlik diplomunu (Protokol № 43) almışdır. Hal-hazırda mikroelementlərin müxtəlif norma və nisbətlərinin kənd təsərrüfatı bitkilərində gedən fizioloji proseslərə təsir istiqamətində elmi tədqiqat işini davam etdirir.
Hər il 3-4 nəfər tələbənin elmi işinə rəhbərlik edir, onlar Universitet və Respublika konfransında, fənn olimpiadalarında uğurlar qazanır.
Bu günə kimi 10 nəfər magistrantın dissertasiyalarına rəhbərlik edib. Bunlardan əksəriyyəti magistraturanı əla qiymətlərlə başa vurub. Magistr dissertasiyaları “Makro və mikroelementlərin” pambıq, xiyar, badımcan, üzüm, kələm, şəkər çuğunduru, Şərq buğda sortu və s. bitkilərin böyüməsinə orqanların inkişaf dinamikasına, bəzi üzüm sortlarının çiçəkləməsinə, yem bitkilərinin qarışıq əkin məhsulunun əsas keyfiyyət göstəricilərinə təsiri və s. olmuşdur. Hər bir magistrant təhsil aldığı dövrdə öz işinə aid 2-dən çox elmi məqalənin nəşrinə nail olmuşdur.
Magistrantlar dünya ədəbiyyatından istifadə, təcrübələrin metodikasının işlənilməsi, müşahidələrin aparılması, analiz üçün nümunələrin götürülməsi, biokimyəvi analizlərin aparılması, müqayisəli morfoloji təhlil və s.dən alınan nəticələrin ümumiləşdirilməsi və s. istiqamətlərdə kifayət qədər təcrübə toplamış, daha geniş elmi araşdırmalar aparma imkanları qazana bilmişlər.
Qeyd olunanlarla yanaşı, kafedrada elmi əsərlərin, monoqrafiyaların müzakirəsi, dissertasiyaların rəyləndirilməsi və ilkin müdafiəyə təqdim olunmasının həyata keçirilməsində bilavasitə iştirak edir. 80-ə qədər elmi metodiki əsərin müəllifidir.
Pedaqoji fəaliyyəti
Müəllimlik fəaliyyətinə başladığı dövrdən Botanika ekologiyanın əsasları ilə , “Bitki ekologiyası”, “Bitki fiziologiyası” fənlərindən mühazirə oxuyur. Həm də laborator və seminar məşğələsi, tədris təcrübəsi keçir. Dünya ədəbiyyatından əldə edilmiş elmi yenilikləri proqram materialları ilə əlaqələndirir və yeri gəldikcə tələbələrə çatdırır. Mühazirənin gedişində tələbə fəallığının yüksəldilməsini ön plana çəkir. Laborator məşğələlərində tələbələrin müstəqil işləməsinə, sərbəst düşünüb təhlil etməsinə, öz nöqsanlarını dərk edib aradan qaldırma və əməli vərdiş qazanma imkanlarının inkişafına istiqamət verir.
Müstəqil iş tələbələrdə tədqiqatçılıq vərdişinin inkişaf etdirilməsində mühüm rola malikdir. Ona görə də müəllim sərbəst iş üçün tədris etdiyi fənnin aktual problemlərinə dair mövzular planlaşdırır. Mövzuların işlənilməsində müasir ədəbiyyat məlumatlarından istifadəyə, ümumiləşdirmə vərdişinin inkişaf etdirilməsi işində özünə və tələbələrə qarşı tələbkarlıq göstərir.
Tədris-metodik məsələlərin həllində iştirak edir. Hər il tədris etdiyi fənlərin mühazirə mətnlərini yeni ədəbiyyat məlumatları ilə zənginləşdirir.
Ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması, yeni təlim metodlarından istifadəsinin zəruriliyi daima öz aktuallığını saxladığından Qərb bölgəsində keçirilən konfranslarda maraqlı məruzələr etmişdir. Məsələn, 1987-ci ildə Şəmkir rayonunda məktəb islahatının aparılması ilə əlaqədar təlimin forma, metod və vasitələrinin təkmilləşdirilməsinə dair keçirilən elmi-praktik konfransda “Botanikanın tədrisində şagirdlərə ekoloji biliklərin verilməsi”, həmin ildə şəhərin 5 saylı orta məktəbində Ç.Darvinin anadan olmasının 178 illiyinə həsr olunmuş konfransda “Kosmik tədqiqatlar və bitki örtüyü”, 1988-ci ildə Qazax rayonunda keçirilən konfransda Botanika fənnindən laborator məşğələlərinin təkmilləşdirilməsi yolları”, Gədəbəy rayonunda 1989-cu ildə keçirilən konfransda “Botanikanın tədrisində bitkilərin təkamülünün aşılanması yolları” və s. buna misal göstərmək olar. Bu kimi tədbirlərlərdə iştirakını davam etdirir.
Professor T.İ.Qazıyevlə birlikdə 32 çap vərəqi həcmində nəşrinə nail olduqları “Bitki fiziologiyasının öyrənilməsinə dair metodik göstərişi”indən 1985-ci ildən tələbələr laborator məşğələlərində istifadə edir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Biologiya bölməsi üzrə Elmi metodik şurasının qərarı ilə prof.V.S.Novruzov, dos.Z.M.İsmayılova, dos.M.İ.Həsənov, dos.C.M.Bağırov “Botanika kursu üzrə” və prof.V.S.Novruzov, dos.Z.M.İsmayılova, dos.M.İ.Həsənov “Dərman bitkiləri” fənn proqramlarını nəşr etdirmişlər (19 fevral 2004-cü il Protokol № 28).
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.11.1999-cu il tarixli 319 saylı əmri ilə dosent M.İ.Həsənov və dos.əv.M.T.Qazıyevlə “Ekoloji fiziologiya fənninin öyrədilməsinə dair” nəşr etdirdikləri metodik tövsiyyə tələbələr üçün zəruri vəsaitdir.
M.İ.Həsənov ilk dəfə 2009-cu ildə Azərbaycan Respublikasında ali peşə təhsilinin bakalavar pilləsi üçün “Bitki fiziologiyası” fənninin kurrikulumunu nəşr etdirmişdir (Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının Biologiya bölməsinin 13.02.2009-cu il tarixli iclasının qərarı ilə) (Protokol № 14 təsdiq edilmişdir).
Kurrikulumda fənnin əhəmiyyəti , məqsədi, vəzifələri, fənnin əsas bölmələrinin xarakteristikası, laborator işlərinin mövzuları, mövzular üzrə məqsədlər, məzmun, gözlənilən təlim nəticələri, tapşırıqlar və s. öz əksini tapmışdır.
F.r.e.d O.Rzayev, dos.A.M.Rüstəmov , prof.V.S.Novruzov, dosentlərdən Z.İsmayılova, M.Həsənov, M.Qazıyev və Y.Cəfərovla birlikdə “Çoxballı qiymətləndirmə sisteminə dair metodik tövsiyyə” yazıb, nəşr etdirmişlər (2006) (Metodik vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.05.2003-cü il 420 saylı əmri ilə təsdiq olunmuşdur) vəsaitdən ali məktəblərin müəllimləri və tələbələr istifadə edir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 noyabr 2011-ci il tarixli 1848 saylı əmri ilə Botanika kafedrasında tədris olunan fənlərin proqram toplusunda dos.M.Həsənov və dos.R.Heydərovun “Bitki fiziologiyası”, prof.V.Novruzov, dos.M.Həsənov və dos.Z.İsmayılovanın “Dərman bitkiləri” dos.M.Həsənovun “Fotosintez” fənni üçün tərtib etdikləri proqramlar nəşr olunmuşdur.
ELMİ FƏALİYYƏTDƏ ALDIĞI ƏN MÜHÜM NƏTİCƏLƏR
”Mikrolementlər və hibberellinin üzüm bitkisində gedən bəzi fizioloji-biokimyəvi proseslərə təsiri” mövzusunda apardığı elmi-tədqiqat işinin nəticəsi olaraq qeyd etmək lazımdır ki, mikroelementlər və hibberellin Təbrizi və Qaraburnu süfrə üzüm sortlarında vegetativ orqanların inkişafını yaxşılaşdırır, yarpaqların assimilyasiya sahəsi genişlənir, karbohidratların sintezi və meyvələrdə toplanma dinamikası intensivləşir, oksidləşdirici-reduksiyaedici fermentlər fəallığı yüksəlir, hər hektardan ümumi məhsuldarlıq artır. Qidalandırmanın düzgün təşkili, vegetasiya müddətində məhsulun əsas keyfiyyət göstəricilərinin yaxşılaşması sürfə üzüm sortlarının məhsulunun qışda soyuducuda uzun müddət az itki ilə saxlanılmasına imkan vermişdir. Bu da qış dövründə insanların yüksək keyfiyyətli üzüm ilə təmin edilməsinə imkan verir. O, kafedranın ümumi problemi olan “Gəncə-Qazax bölgəsinin bioloji müxtəlifliyi” adlı elmi işin icrasında iştirak etmişdir.
BEYNƏLXALQ ELMİ KONFRANSLARDA İŞTİRAKI
Gəncə şəhərində 2007-ci ildə Biokimyəvi nəzəriyyələrin aktual problemləri birinci Beynəlxalq elmi praktik konfransda “Azərbaycanın qərb bölgəsində yayılan palıd (Quercus) cinsi növlərinin bioloji xüsusiyyətləri və mənşəyi, yenə orada 2011-ci ildə Biokimyəvi nəzəriyyələrin aktual problemləri ikinci Beynəlxalq elmi praktik konfransda “Gəncə-Qazax bölgəsinin ot tipli kserofit bitkiləri” mövzularında məruzə ilə çıxış etmişdir.
İCTİMAİ-SOSİAL HƏYATDA İŞTİRAKI
Kafedranın, fakültəniun və universitetin ictimai həyatında, şəhər tədbirlərində iştirak edir. On beş ilə qədər Universitet elmi şurasının üzvü və tədris metodik şuranın katibi olub. 1985-ci ildən hal-hazıra kimi fakültə elmi şurasının, həm də fakültə tədris metodik komissiyasının üzvüdür. Məsələlərin müzakirəyə çıxarılmasında fəallıq göstərir. Dərs dediyi qruplarda, yataqxanada tələbələrin ideya-siyasi tərbiyəsinə dair ardıcıl işlər aparır. 1981-ci ildə Sosializm yarışının qalibi döş nişanını almış. İnstitutun (indiki Universitetin) 60 illik yubileyində Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin fəxri fərmanına layiq bilinmişdir.
O, 1991-1995-ci illərdə Botanika kafedrasının müdiri vəzifəsində işləmişdir. 2001-ci ildən Biologiya-kimya fakültəsində tədris işləri üzrə dekan müavinidir. Universitetin 70 illik yubileyində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.04.2009-cu il tarixli 11/209 saylı əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. Dəfələrlə rektorluğun təşəkkür və fəxri fərmanlarını almışdır.