Anatomiya, fiziologiya və zoologiya

Anatomiya, fiziologiya və zoologiya

2Zoologiya kafedrası fəaliyyətə başladığı vaxtdan təbiyat fakültəsinin nəzdində işləmiş, sonralar müstəqil kafedraya çevrilmişdir. H.Zərdabi adına KDPİ –nin ilk müəllimlərindən biri-tibb elmləri namizədi, dosent Qasım Qəmbəroğlu uzun müddət həmin kafedranın müdiri olmuş, burada elmi tədqiqat, elmi metodik və tədris işlərinə rəhbərlik etmişdir.
Dos. Q.Qəmbəroğlu təbabət tarixinin tədqiqi sahəsində Azərbaycanda ilk alimlərdən biri olmuşdur.Onun qələminə məxsus “Məktəb gigiyenası” dərsliyi bu günədək respublikamızda pedaqoji təmayüllü ali məktəblərdə müəllimlərin istifadə etdiyi yeganə dərs vəsaitidir. O, ensiklopedik biliyə, zəngin təcrübəyə, geniş dünya görüşü və erudisiyaya malik alim-pedaqoq idi .Q.Qəmbəroğlu məharətli müəllim, sadə insan, təvazökar vətandaş kimi professor-müəllim heyətinin, tələbə kollektivinin böyük hüsn-rəğbətini qazanmışdır.O, böyük amallarla yaşayır, işə münasibəti, qayğıkeşliyi, xeyirxahlığı ilə iş yoldaşlarına nümunə göstərirdi.

1952-1975-ci illərdə -təxminən 25 ilə yaxın zoologiya kafedrasının müdirlik edən biologiya elmləri doktoru, professor  Həmid Fərzəlibəylinin adı institutda hörmət və ehtiramla çəkilir. O, institutda işlədiyi müddətdə bir alim, müəllim və metodis kimi səmərəli fəaliyyət göstərmiş, əməli işi və qələmi ilə yüksək ixtisaslı müəllim kadrları hazırlanması sahəsində bütün bilik, bacarıq və səyini sərf etmişdir.

3H.Fərzəlibəyli olduqca məhsuldar alim idi, axtaran, daim yaradıcılıq ehtirası ilə işləyən narahat bir elm xadimi idi. İnstitutda işlədiyi müddətdə o, bir sıra elmi tədqiqat xarakterli kitablar çap etdirmiş, əyani və qiyabiçi tələbələrdən ötürü metodik vəsaitlər, göstərişlər yazmışdır.

Prof. H.Fərzəlibəyli bütün elmi-pedaqoji fəaliyyətini zoologiya elminin mühüm sahəsi olan onurğalılar zoologiyasının tədqiqinə, öyrənilməsinə geniş təbliğinə həsr etmişdir. Onun “Azərbaycanda təbiyyat elminin inkişafı tarixində (XIX əsrin sonu – XX əsrin əvvəlləri)” adlı doktorluq dissertasiyası təbiyyat elminin inkişaf təmayülləri, əsaslandığı ən mühüm mənbələrin vacib problemlərini  əhatə edir.

Respublikamızda qocaman elm xadimini zoologiya elminin mahir bilicisi və onu daim inkişaf etdirməyə qabil bir alim, tədqiqatçı və metodis kimi tanıyırlar. H.Fərzəlibəyli onurğalılar zoologiyasının demək olar ki, bütün şöbələri üzrə dərs vəsaitini və tədris metodik göstərişlərin müəllifidir.

Prof.H.Fərzəlibəyli institutda pedaqoji təcrübənin təşkili və aparılmasında fəal çalışmış, ümumtəhsil məktəbləri ilə professor müəllim heyəti əlaqəsini möhkəmləndirilməsi sahəsində də xeyli iş görmüşdür. O, alimliklə müəllimliyi, üzvi surətdə birləşdirən praktik idi. Görkəmli alim metodis ömrünün sonunadək Kirovabaddakı M.Ə.Sabir adına orta məktəbdə müəllim işləmiş, öz şəxsi nümunəsi, məsləhətləri ilə orta məktəblərin biologiya müəllimlərinə kömək göstərmişdir.

Qocaman maarif xadimi eyni zamanda çox böyük ictimai iş aparırdı. O, uzun müddət “Xalq ateistlər universiteti”nin rektoru olmuş, müəllim və tələbələrin, eləcə də zəhmətkeşlərin ateist tərbiyəsi sahəsində faydalı işlər görmüşdür.

Zoologiya kafedrasının elmi-tədqiqat və elmi-metodik fəaliyyəti respublikamızın xalq maarifi və xalq təsərrüfatının inkişafı üçün müəyyən elmi-praktik əhəmiyyət daşıyan vahid problem ətrafında cəmləşdirilmişdir.

1970-1985-ci illərdə kafedrada elmi-tədqiqat və elmi-metodik işlər sahəsində bir sıra nəaliyyətlərin qazanılması burada işlərin planlı şəkildə qurulması, kafedra əməkdaşlarının potensial gücündən səmərəli istifadənin nəticəsidir.

Prof. F.M.Hacıyev elmi iş sahəsində ardıcıl çalışan alimlərdən idi. O, üç kitabın, altmışdan artıq elmi əsərin müəllifidir. F.Hacıyev (1972) “Azərbaycan SSR biogeokimyəvi şəraitində heyvanların zülal mübadiləsində manqanın, yodun və kobaltın fizioloji rolu” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onun tədqiqat işləri zülal mübadiləsinin sürətinə və qalxanabənzər vəzin hormonlarının bioloji sintezinə bəzi mikroelementlərin təsir mexanizmlərinin öyrənilməsinə, eyni zamanda respublikamızın biolokimyəvi zonalarında maddələr mübadiləsinin intensivləşdirilməsi və bununla da istifadə olunan yemlərin maya dəyərinin aşağı salınması hesabına kənd təsərrüfatı heyvanlarının ət və süd məhsuldarlığının artırılmasına yönəldilmişdir.

F.M.Hacıyev institutda həm də bir fəal ictimaiyyətçi kimi tanınmışdır. O, 1977-ci ildən 1987-ci ilədək zoologiya kafedrasında müdir vəzifəsində işləmişdir.

4Görkəmli fizioloq, akademik Abdulla Qarayev öz gərgin əməyi ilə respublikamızda fizioloqlar elmi məktəbinin yaradıcısı hesab olunur. Alim-fizioloqun yetirmələrindən biri də kafedranın əməkdaşı dos. Adil Rüstəmovdur. A.M.Rüstəmov 1968-ci ildə “Hipotalamusun müxtəlif funksional vəziyyətlərində intereseptik şəkər mübadilə refleksləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, elmlər namizədi alimlik dərəcəsi almışdır. O uzun illərdir ki, qanın şəkər səviyyəsinin tənzimində mərkəzi sinir sisteminin ayrı-ayrı şöbələrinin iştirakı problemi üzərində axtarışlar aparır, bu çox əhəmiyyətli və vacib məsələnin yaranması, təşəkkülü prosesini öyrənir. Bu, respublikamızda aparılan daxili üzvlərin reseptorlarının şəkər mübadilə reflekslərində rolunun öyrənilməsinə həsr edilmiş problem elmi-tədqiqat işinin bir şaxəsi olub, insan və heyvan fiziologiyası probleminin tədqiqində elmi əhəmiyyət kəsb etməkdədir.

A.Rüstəmov iyirmiyə yaxın elmi əsərin müəllifidir. O, tədqiq etdiyi problemlərlə əlaqədar Moskva, Petrozavodsk, Selinoqrad, Kutaisi və başqa şəhərlərdə keçirilən Ümumittifaq simpoziumlarında iştirakçı olmuş, məruzə və çıxışlar etmiş, öz elmi nəticələri və qənaətlərini geniş ictimaiyyətin nəzərinə çatdırmışdır.

 

A.Rüstəmov müəllimlik və elmi-tədqiqatla yanaşı, ictimai işlərdə də fəallıq göstərir. Uzun müddət, institut həmkarlar ittifaqı yerli komitəsinin sədri, zoologiya kafedrasına müdiri, Biologiya-kimya fakültəsinin dekanı  vəzifəsində calışmışdır. Hal- hazırda Anatomiya, fiziologiya və zoologiya kafedrasında dosent vəzifəsində calışır.

5Kafedranın təcrübəli müəllimlərindən dos. C.X.Lətifov 1959-cu ildə  “Camışlarda köksün yan divarının anatomotonoqrafiyası” mövzusunda namizədlik (1959), 1975-ci ildə isə “Camışlarda haramilik anesteziyasının kliniko-fizioloji əsasları” mövzusunda isə Odessa şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir. Göstərilən mövzusunun elmi əhəmiyyəti bundadır ki, alimin elmi-tədqiqat apardığı bu problem indiyə kimi kifayət qədər tədqiq olunub dərindən öyrənilməmişdir.

Çünki bu problemin öyrənilməsi və tədqiqi, tətbiqi kənd təsərrüfatının əsas sahəsi olan camışlıqda məhsuldarlığın artması, bəzi xəstəlik hallarının aradan qaldırılmasını təmin edən üsul kimi elmi əhəmiyyət daşıyır. Müsbət hal kimi qeyd edək ki, C.Lətifovun bir çox fizioloji və kliniki tədqiqatları tədris planlarına düşərək dərs prosesində istifadə olunmaqdadır. (Camışlarda ürək kisəsinin deşilməsi; Camışlarda qabırğanın kəsilməsi; Camışları yıxma üsulu; Haramilik anesteziyası üsulları; Camışlarda haramilik anesteziyası zamanı qanda gedən dəyişiklər və s. Son iki tədqiqat elmlər namizədi Səlim Musayevlə müştərək aparılmışdır).

Dos. Cəlil Lətifov apardığı elmi-tədqiqat işi ilə əlaqədar bir neçə kitabça, tələbələr üçün metodik göstəriş çap etdirmiş, məqalələrində aldığı nəticələrin xülasəsini vermişdir.

6Dos. K.M.Əkbərov kafedrada əməkdaşlıq etmişdir. Alimin namizədlik dissertasiyası heyvandarlığın mühüm problemlərindən birinə – “Kövşəyən heyvanlarda mədə önlüklərində bəzi faktorların təsirindən infuzorların dəyişilməsi”nə həsr olunmuşdur (1962). K.Əkbərov xeyli müddət “Camışlarda nuklein turşuları mübadiləsinin antogenetik dəyişilməsi” mövzusu ətrafında elmi-tədqiqat işləri aparmışdır. Bu mövzunu o, doktorluq işi kimi təsdiq etdirmişdir.

Mühüm elmi-praktik əhəmiyyət daşıyan və Zaqafqaziya respublikalarının ekoloji xüsusiyyətlərini əhadə edən bu mövzu camış orqanizminin postembrional inkişafının müxtəlif dövrlərində üzv və toxumalarda baş verən nuklein turşuları mübadiləsinin dinamikasının öyrənilməsi məqsədini daşıyır. Bununla yanaşı, mövzunun öyrənilməsindən hasil olan qənaətlər və eksperimentlərdən doğan nəticələr heyvandarlığın inkişafı üçün əhəmiyətli olub, camış orqanizminin təbiətinin istiqamətli surətdə dəyişməsinə   və camışçılıq təsərrüfatlarından ötrü əhəmiyyət daşıyan praktik təkliflərin hazırlanmasına yönəldilmişdir ki, bu da yüksək məhsuldar və qiymətli heyvanların yetişdirilməsinə müsbət təsirini biruzə verəcəkdir. Alim elmi işi ilə əlaqədar ona yaxın məqalə yazıb müxtəlif jurnallarda dərc etdirmişdir.

Dos.K.Əkbərovun elmi fəaliyyətində diqqəti cəlb edən onun qoyduğu eksperimentlərlə bağlı Ümumiittifaq miqyasında təşkil olunmuş  məclislərdə müntəzəm iştirakıdır. O, “Ontogenezin əsas faktorları”na həsr olunmuş Ümumittifaq simpoziumunda (Xarkov, 1970), Ukrayna Kənd Təsərrüfatı Akademiyasının 75 illik yubileyində (Kiyev, 1973), biokimyaçıların 3-cü (Riqa, 1974) və 4-cü (Leninqrad, 1979) qurultaylarında, “Laktasiyanın fiziologiyası və biokimyası”na həsr olunmuş VI (Lvov, 1982) və VII (Alma-Ata, 1986) Ümumittifaq simpoziumlarında iştirak və çıxış etmiş, burada onun məqalə-tezisləri dərc olunmuşdur.

Kafedra üzvlərinin respublikamız üçün təsərrüfat əhəmiyyətli bir sıra problemlər üzərində ardıcıl işləmələri müsbət hal kimi qeyd edilməlidir. Bu baxımdan dos. Z.Ş.Əliyevin (1967) namizədlik dissertasiyası kimi müdafiə etdiyi “Sıf balığı yetişdirilməsinin bioloji əsasları” adlı əsəri maraq doğurur. Dissertasiyada Azərbaycanda balıqçılığın inkişafı perspektivləri, balıq yetişdirməyin elmi əsasları təhlil olunur, bu sahədə tükənməz imkanların mövcudluğu əsaslandırılır. Alimin tapıntıları, gəldiyi nəticələr onun on beşə yaxın yazdığı məqalədə xülasə və şərh edilmişdir. Zabir Əliyev 1990-cı ilə kimi “Orta Kür hövzəsi ixtiofaunasının bioloji xüsusiyyətləri” kimi vacib bir məsələ ətrafında axtarışlar, elmi-tədqiqat işləri aparmışdır. Alınan nəticələr Kür çayının balıq sərvətinin qorunması, artırılması və qiymətli növlərin süni surətdə yetişdirilməsi üçün faydalı olacaqdır. O, tələbələrə kömək məqsədilə “Darvinizmdən metodik göstəriş” yazmışdır.

7Dos. Z.Ş. Əliyev 1990-cı illərdən sonra orta məktəbin zoologiya kursunun tədrisində tərbiyəvi məsələlərin müasir problemləri mövzusunda elmi metodiki iş aparır və həmin bölməyə rəhbərlik edir. Tədqiqatına aid 15-ə qədər məqaləsi çap olunmuşdur. 2005-2010-cu illərdə işlədiyi kafedranın müdiri vəzifəsində çalışmışdır. Elmi tədqiqat bölməsinə rəhbərliyi davam edir.

Kafedrada heyvan fiziologiyası, balıqçılıq və onun inkişaf perspektivləri və digər məsələlərlə yanaşı, quşçuluğun vacib problemlərinin tədqiqinə, öyrənilməsinə də xüsusi diqqət yetirilir.

Zoologiya kafedrasının kənd təsərrüfatı elmləri namizədi Həqiqət Camal qızı Məmmədova həmin institutun 1961-ci ildə KDPİ-nin kimya-biologiya və kənd təsərrüfatı fakültəsini fərqlənmə diplomu ilə bitirmiş (1961), kafedrada assistent saxlanmış, burada bir müddət (1966-cı ilədək) zoologiya, təbiyyat üsulundan dərs aparmışdır. İnstitut elmi şurasının tövsiyyəsi ilə o, Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun əyani aspiranturasına daxil olmuş, “İpək qurdlarının yemdən istifadəsi, onların müxtəlif temperatura və yemləmə vaxtlarındakı məhsuldarlığı, çəkil plantasiyalarının hər hektarından alınan yarpaq və ipək məhsuldarlığının öyrənilməsi” mövzusunda dissertasiya müdafiə etmiş (1973), elmlər namizədi alimlik dərəcəsi almışdır.

8Məmmədova Vəfa Fərman qızı 1997-ci ildə S. Ağamalı oğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının baytar həkim ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1998-2007-ci illərdə AMEA-nın Gəncə Regional Elm Mərkəzində baş laborant, mühəndis, kiçik elmi işçi və laboratoriya müdiri vəzifəsində çalışmışdır. 2005-ci ildə “Şəmkir su hövzəsinin mikrobioloji və sanitar hidrobioloji vəziyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adı almışdır.

İlk dəfə faktiki materialın əsasında antropogen xarakterli alloxton maddələrin mənasını, suyun fiziki- kimyəvi keyfiyyətinin dəyişməsi və bakterioplanktonun rolunu, substratların biogeoqradasiyasında, biogen elementlərin regenerasiyasında göstərilmişdir  və nəticələri suyun antropogen evtroflaşmasının, qipoksiyanın yaranmasının səbəbləri və onlardan törənən nəticələr əldə etmişdir. Alınmış məlumatlar çay sularının üzvi və biogen axınlarına aydınlıq  gətirməyində müəyyən rol oynayır,eyni zamanda su kütləsinin fitonsitlərinin çökməsi və bakterial metobolizmin aydınlaşması üçün vacibdir. Suyun mikrobioloji rejimi və don çöküntülərinin məkan və zaman daxilində- ümumu sayı, saprofitlərin kəmiyyət-keyfiyyət göstəriciləri, bakteriaların fizioloji qrupları, kolimorf bakteriaların miqdarı təyin edilmişdir.

2005-ci ildən hal-hazıra kimi, Gəncə Dövlət Universitetinin Anatomiya, fiziologiya və zoologiya kafedrasında 0.5 ştat, sonra isə 1.0 ştat vahidi ilə müəllim,hal-hazırda isə kafedra müdiri vəzifəsində çalışır. Vəfa Məmmədovanın öz əməksevərliyi ilə həmişə fərqlənmiş, tədris etdiyi və oxuduğu mühazirələr günün tələblərinə cavab verir. Eyni zamanda o, elmi metodiki tədqiqat sahəsində də işlərini davam etdirir. 2010-cu ildən Biologiya elmləri doktoru elmi dərəcəsini almaq üçün “ Samur-Yalama milli parkının torpaq infuzorları faunası və bu regionun müxtəlif landşaftlar torpaqlarının ekoloji qiymətləndirilməsi” dissertasiya mövzusu üzərində çalışır. On yeddi elmi məqalənin, bir dərs vəsaitinin və səkkiz fənn proqramının müəllifidir. Tədqiqatların məqsəd və vəzifələri aşağıda qeyd edilmiş məsələlər aid olacaq:

  1. Samur- Yalama milli parkının müxtəlif landşaftlarının torpaq infuzorları və çanaqlı amöblərinin növ tərkibinin öyrənilməsi.
  2. Torpaq ibtidailərinin mövsüm üzrə dəyişkənliklərinin və ekologiyasının öyrənilməsi.
  3. Torpaq ibtidailərinin vasitəsilə Samur-Yalama milli parkının torpaqlarının biotestləşdirilməsi və onların ekoloji qiymətləndirilməsinin aparılması.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, altı il ərzində Gəncə Regional Elmi Mərkəzində YAP-ın sədri işləyib.

Əhmədova Svetlana Əlağa qızı müəllimə 1964-65-ci tədris ilində insititun biologiya fakultəsinin bioologiya və kənd təsərrüfatı istehsalı əsasları şöbəsini fərqlənmə diplomu ilə bitirib. Təyinat komissiyasının sədri onu bu inistitutda müəllim kimi qalıb fəaliyyət göstərməsini təklif edib. Həmin ildən də insitutda müəllim kimi fəaliyyət göstərir. Müəllimə həmçinin nazirliyin fəxri fərmanı ilə də təltif olunmuşdur, həmin ildən də insititumuzda fasiləsiz olaraq baş müəllim kimi fəaliyyət göstərir. İctimai vəzifə olaraq uzun müddət fakultəmizdə insan və heyvan fiziologiyası fənni üzrə metadiq birləşmənin sədri işləyir. İnsan və heyvan fiziologiyası üzrə metadiq göstəricisinin, uşaq anatomiyası və fiziologiyası fənninə dair proqramın müəllifi və Azərbaycan kənd təsərrüfatı akademiyasının elmi əsərlər toplusunda bir neçə məqalənin həmçinin elm mərkəzində, inistitumuzda bir neçə məqalənin müəllifi və kafedra üzrə I bölmənin aparıcısıdır.

Hacıvəliyeva Raya İlyas qızı Anatomiya, fiziologiya və zoologiya kafedrasının qabaqcıl müəllimidir. 1961-ci ildə KPİ-nin (indiki Gəncə Dövlət Universiteti) Kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə həmin institutda müəllim kimi saxlanmış, 1961-ci ildən 1963-cü ilə kimi baş laborant və institutun hazırlıq kursunda müəllim kimi çalışmışdır. 1963-cü ildən Anatomiya, fiziologiya və zoologiya kafedrasında əvvəl asistent, sonra baş müəllim kimi fəaliyyətdə olmuş, bilik, bacarıq və şəxsi keyfiyyətlərinə görə tələbə və müəllim kollektivinin hörmətini qazanmışdır. Toyuq cinslərinə, balıqçılığa və tədrisdə tərbiyəvi məsələlərə dair elmi işlər aparmış, müvafiq namizədlik minimumlarını vermişdir. Bir tədris vəsaiti, iki metodik göstəriş, iki proqram, bir sıra qəzet və jurnal məqalələri, iyirmi dörd elmi və metodiki məqalələrin müəllifidir. Dörd konfransda məqalə ilə çıxış etmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gəncə Dövlət Universiteti tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

Belə bir cəhət də razılıq doğurur ki, kafedranın əməkdaşları Universitetin profilinə müvafiq olaraq elmi-tədqiqat və elmi-metodik işlərin ümumtəhsil məktəb proqramları ilə əlaqələndirilməsinə, işin praktik əhəmiyyətinə ciddi fikir verirlər. Çünki bu qəbildən olan mövzuların işlənməsi elmi əhəmiyyətli olub, orta məktəblərdə işləyən biologiya müəllimləri üçün də təcrübi qiymətə malikdir.

Kafedranın üzvləri tələbə elmi cəmiyyətinin işində də yaxından və fəal iştirak edirlər. Burada hər il otuza yaxın tələbə müəllimlərin rəhbərliyi altında elmi iş aparır, nəticələri haqqında institut, respublika və beynəlxalq üzrə keçirilən elmi konfranslarda məruzələrlə çıxış edirlər. Həmin kafedrada qiyabiçi tələbələrə də elmi mövzuların verilməsi müsbət təşəbbüs kimi təqdirəlayiqdir.

Kafedra illərdən bəri davam etdirdiyi nəcib ənənəni – orta məktəblərlə əlaqəni daim diqqət mərkəzində saxlayır. Bu iş məktəb islahatı və ali məktəblərin yenidən qurulması haqqındakı qərardan sonra daha da canlandırılmışdır. Gəncədəki M.Ə.Sabir adına 5 nömrəli orta məktəbin bir baza mərkəzi kimi seçilməsi, burada kafedranın filialının təşkili təşəbbüsü, məktəb kabinet və laboratoriyalarının zənginləşdirilməsi istiqamətində göstərilən səylər yaxşı iş kimi fərəh doğurmaya bilməz. Kafedranın üzvləri vaxtaşırı orta məktəblərdə olur, müəllim həmkarlarının dərslərində iştirak edir, onlara elmi, pedaqoji-metodik kömək göstərirlər.

Kafedranın normal işləməsi, müəllimlərin elmi-tədqiqatla məşğul olmaları üçün Universitetdə lazımi şərait yaradılmışdır. Hazırda zoologiya laboratoriyası, anatomiya laboratoriyası, insan və heyvan fiziologiyası laboratoriyası, müxtəlif əyani vasitələrlə zəngin kafedra burada çalışan alimlərin, doktorant və assistent  laborantların sərəncamına verilmişdir. Burada “Elmi-tədqiqat otağı”, “Canlı guşə” yaradılmasına təşəbbüs göstərilir ki, bu da həm tədris, həm də eksperimental işlərin səmərəli aparılmasına, görülən işlərin təcrübi əhəmiyyətinin xeyli artmasına öz müsbət təsirini göstərəcəkdir.