YENİ ELMİ-TƏDQIQAT LABORATORİYASI YARADILDI

Son illərdə Gəncə Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsində, laboratoriyaların zənginləşdirilməsində, yenidən qurulmasında və  müasir tələblərə cavab verəcək yeni laboratoriyaların yaradılmasında əməli işlər görülmüşdür. Artıq Əsas tədris binasında 2 ədəd kimya, 2 ədəd botanika,1 ədəd zoologiya laboratoriyası yenidən qurulmuş  lazımi inventar və avadanlıqlarla təhciz edilmişdir.

17 fevral 2017-ci il tarixdə  isə qeyri-üzvü sistemlərin fiziki-kimyəvi tədqiqi ilə bağlı elmi-tədqiqat laboratoriyasının təntənəli açılışı olmuşdur. Açılışda rektor, professor Yusif Yusibov yeni yaradılmış elmi-tədqiqat laboratoriyasının daha geniş imkanlara malik olması ilə tədqiqat işlərinin aparılmasında mühüm rol oynayacağını bildirmişdir. Qeyd etmişdir ki, təhsili yüksək səviyyəyə qaldırmaq üçün hər şeydən əvvəl müasir tipli maddi-texniki baza yaratmaq lazımdır. Bu sahədə uğurlu işlər aparılır, bundan sonra da məqsədli şəkildə davam etdiriləcəkdir.

Elmi-tədqiqat laboratoriyasının açılışında Gəncə Dövlət Universitetinin “Fəxri doktoru” AMEA-nın akademik M. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü kimya elmləri doktoru, professor, akademik Məhəmməd Babanlı da iştirak etmiş və  Universitetdə son illər görülən işlərdən məmnun qaldığını bildirmişdir.