Bu günlərdə AMEA-nın müxbir üzvü, prof.Vaqif Novruzov, dos.b.ü.f.d.Yeganə Aslanova, b.ü.f.d.Ramidə Quliyevanın “Kiçik Qafqazın qaya və töküntü bitkiliyi və senopopulyasiyalarının dinamikası” adlı monoqrafiyası çapdan çıxmışdır. Monoqrafiya müəlliflərin çoxillik tədqiqatları əsasında hazırlanmış Respublikada bu istiqamətdə hazırlanmış ilk tədqiqat əsəridir. Problemin indiyə qədər həll olunmamasının əsas səbəbi qaya və töküntülərin rast gəlindiyi yerlərin il boyu əlçatmaz olmasıdır. Başqa ərazilərdə olduğu kimi Kiçik Qafqazın yüksək dağlığının qaya və töküntüləri “ağ ləkə” kimi qalmışdır. Bu problemin həlli sitogenezin qanunauyğunluqlarını dərk etmək, nadir, endemik və relikt növləri aşkar etmək və ekologiyasını öyrənməklə, son nəticədə səmərəli istifadə etmək yollarını müəyyən etməkdən ibarətdir. Qaya və töküntü bitkiliyinin arasında yüksək keyfiyyətli yem bitkilərinə rast gəlinir ki, onların toxumlarından yüksək dağ çəmənlərinin bərpası üçün istifadə oluna bilər. Yem bitkilərindən əlavə qaya və töküntülərdə dekorativ, qaya bərkidici və başqa qrup qiymətli bitkilər yayılır ki, onlardan seleksiya işlərində başlanğıc material kimi istifadə etmək olar. Qaya və töküntülər qeyri-əlverişli iqlim şəraitində özünə sığınacaq tapmış bitkilər üçün təbii rezervatorlardır. Qaya və töküntülərdə özünə məxsus edafik və mikroiqlim şəraiti keçmiş, geoloji dövrlərin xüsusiyyətlərini özündə əks etdirən çoxlu növlər mövcuddur.
Ətraf mühitə antropogen təsir yükünün gücləndiyi indiki şəraitdə müasir botanikanın əsas problemlərindən biri də bioloji müxtəlifliyin qorunmasını, səmərəli istifadəsini təmin etmək üçün növün senopopulyasiya səviyyəsində öyrənilməsi və dərk edilməsidir. Senopopulyasiya növün təbiətdə mövcudluğunun real formasıdır. O mürəkkəb tərkibi və spesifik funksiyası ilə xarakterizə olunur. Senopopulyasiyanı tədqiq etmədən bioloji müxtəlifliyin qorunmasını təmin etmək mümkün deyil. Növün biologiyası və sturukturu haqqında anlayışlar senopopulyasiyanın proqnozunun əsasını təşkil edir. Populyasiya səviyyəsində növün öyrənilməsi abiotik, biotik və antropogen amillərə növün reaksiyasını aydınlaşdırmağa imkan verir. Bitkinin strategiyasını dərk etmək üçün ona kompleks yanaşılmalıdır. Monoqrafiyada göstərilən məsələlər elmi-praktiki həlli yolları şərh olunmuşdur. Monoqrafiya biologiya, coğrafiya, geologiya, ekologiya istiqamətli elmi-tədqiqat müəssisələri, ali məktəblər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.