GDU-da “Qlobal iqlim dəyişmələrinin canlı aləmə təsiri və onların aradan qaldırılması yolları” mövzusunda elmi konfrans keçirilib

GDU-da “Qlobal iqlim dəyişmələrinin canlı aləmə təsiri və onların aradan qaldırılması yolları” mövzusunda elmi konfrans keçirilib.  Konfrans COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunub. Öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb. Konfrans GDU-nun V tədris korpusunda təşkil edilib. Konfrans iştirakçıları ekologiyanın müxtəlif sahələrinə aid kitab və rəsm əsərlərindən  ibarət sərgiyə baxış keçiriblər. Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad olunub. Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor  Sevda Əhmədova çıxışında  işğaldan azad olunmuş ərazilərdə aparılan elmi tədqiqatlardan söhbət açıb. Bildirib ki, 30 il ərzində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağın flora və faunası məhv edilib, kənd təsərrüfatı ciddi ziyan görüb. Daha sonra o, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq və yaşıllıqları artırmaq məqsədilə universitetdə keçirilən silsilə tədbirlərdən, maarifləndirmə işlərindən və tələbələrin iştirakı ilə  ağacəkmə aksiyalarından danışıb. Elmi konfransda Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev çıxış edərək COP29 tədbirinin Azərbaycanda keçiriləsinin əhəmiyyətindən bəhs ediblər, qlobal iqlim dəyişmələrinin canlı aləmə təsirindən və onların aradan qaldırılması yollarından ətraflı danışıblar. Elmi konfrans plenar məruzələrlə davam edib.