11 dekabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Baş binasının akt zalında tarixi şəxsiyyət, görkəmli siyasətçi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günü keçirilmişdir.Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Asif Cavadov, Biologiya – kimya fakültəsinin dekanı dosent İsfəndiyar Alverdiyev, müəllimlər və tələbələr iştirak etmişlər.
Tədbiri giriş sözü ilə prorektor dosent Asif Cavadov açaraq 12 dekabr tarixinin xalqımızın Ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin anım günü olduğunu qeyd edərək, dahi şəxsiyyətin xalqımızın azadlığı və müstəqilliyi uğrunda gördüyü keçməkeşli, lakin şanlı həyat yolundan danışdı.
Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevit siyasət nəhəngi Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərkən böyük fəxrlə dediyi sözləri vurğuladı: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”.
Asif Cavadov 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə vətəndaş müharibəsinin, xalqın parçalanma təhlükəsizliyinin aradan qalxdığını, dövlətin qorunduğunu vurğuladı.
Biologiya-kimya fakültəsinin dekanı dosent İsfəndiyar Alverdiyev öz çıxışında tələbələrə sağlam, azad və müstəqil yaşamaları, yüksək təhsil almaq imkanları üçün müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevə daim borclu olduqlarını nəzərə çatdırdı. Bu dahi şəxsiyyət bütün fəaliyyəti dövründə gəncliyi düşünmüş, onların parlaq gələcəyi naminə lazımi tədbirləri həyata keçirmişdir.
Ulu Öndərin “Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram” sözünü yad edən Zilxumar İsmayılova, Arifə Əliyeva və digər müəllimlər dahi şəxsiyyətin Azərbaycan xalqı üçün gördüyü uğurlu işlərdən danışdılar. Onlar Ümummilli liderin müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə arzuolunan nəticələr verməyəcəyini bildiyini, məhz ona görə də digər sahələrin inkişafında yeni üfüqlər açdığını qeyd etdilər.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyəti haqqında video çarx izlənilmişdir.