Tədbirdə GDU-nun Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, fakültə dekanı dosent İsfəndiyar Alverdiyev, Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü professor Vaqif Novruzov, kafedra müdirləri və fakültənin müəllim-tələbə heyəti iştirak etdilər. Onlar öz çıxışlarında bildirdilər ki, 1990-cı il yanvarın 19-dan 20 –nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqı tərəfindən qoşun hissələri yeridildi. Tanklar, pulemyot və digər silahlarla günahsız, əliyalın mülkü vətəndaşların üzərinə hücum etmişlər. İnsanlar tankların tırtılları altında qalaraq həlak olmuşlar. Dmitriy Yazovun rəhbərliyi ilə xüsusi təyinatlı qoşun hissələri Bakıda və Azərbaycan rayonlarında qırğınlar törətmiş 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Həlak olanlar silahsız adi vətəndaşlar, qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis işçiləri olmuşdur. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini əzmini qırmaq məqsədi daşımışdır. Lakin Azərbaycan xalqı bir yumruq kimi birləşib azadlığına qovuşdu. Xalq öz lideri Heydər Əliyev ətrafında birləşib öz müstəqilliyini qazandı və qırılmış vətəndaşları, qırğından sonra tətbiq etdikləri , fövqaladə vəziyyətə baxmayaraq laiqincə dəfn etdilər. Həmçinin tədbir iştirakçıları bu ədalətsizliyi törədənlərin öz cəzalarına çatdırılmasının zəruriliyi haqqında danışdılar. Fəxri xiyabanın xalqımızın and yerinə çevrilməsi, hər il şəhidlərin xatirələrinin anılması və onların qanlarının yerdə qalmayacağı hər kəsin fəaliyyətində mühüm yer tutmalıdır.