04.05.2021-ci il tarixində Gəncə Dövlət Universitetinin Biologiya və Kimya fakültəsinin müəllim və tələbə heyəti arasında Microsoft Teams platformasında”Ümumilli lider Heydər Əliyevin 98-ci il dönümünə” həsr olunmuş onlayn görüş keçirildi. Baş tutan tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Biologiya və Kimya fakültəsinin dekanı İ.C.Alverdiyev, Dos.Yeganə Aslanova və fakültəmizin tələbələri iştirak etdi.
Ədəbiyyatlarda sətirlərə naxış vuran insan!
Əməlləri ilə Azərbaycan gəncinin ümmandakı mayakı olan dahi şəxsiyyət!
Ölməzlik, həmişəyaşarlıq dahilərə, böyük şəxsiyyətlərə nəsib olan xoşbəxtlikdir. Azərbaycan xalqının tarixində və tale yüklü məsələlərin həllində müstəsna xidmətləri olan şəxsiyyətlər, görkəmli siyasət və dövlət xadimləri çox olmuşdur. Belə tarixi şəxsiyyətlərdən biri XX yüzilliyin üçdə biri qədər ölkəmizi idarə edən ümumilli lider vəzifəsini daşıyan, dünya miqyaslı siyasətçi HEYDƏR ƏLİYEV-dir.
Ulu öndərimizin bu nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, iti düşüncəsi, əqidə və məsləki ilə, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır.
Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Onun uzaqgörən siyasətində hər şeyin öz yeri və vaxtı var idi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, qətiyyətli rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və dövlət xadimi olduğunu təsdiq etmişdir.
Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu öndərin nitq və çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi. O, məsələnin mahiyyətini açmağa, mövzunun milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyə xidmət edən məsələni ustalıqla göstərməyi bacarırdı.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Dahi rəhbər vaxtilə demişdir: «Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam». O, doğrudan da həmişə bizimlə olacaq. Nağıllarda, dastanlarda, şeirlərdə, nəğmələrdə, çiçəklənən vətənimizin hər güşəsində onun abidəsi ucalır. Onun ən böyük abidəsi isə xalqın ürəyindədir!