
12 may 2025-ci il tarixində GDU EkoKlubu ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) EcoForce Klubu arasında ekoloji sahədə əməkdaşlığın rəsmi olaraq başlandığı unudulmaz bir gün yaşandı. GDU EkoKlubu komandası, ADAU-da keçirilən görüşə qatılaraq burada rəsmi əməkdaşlıq memorandumu imzaladı. Bu memorandum iki universitetin ekoloji təşəbbüsləri birgə həyata keçirməsi, ekoloji maarifləndirmə tədbirləri təşkil etməsi və gənclərin ekoloji sahədə biliklərini artırmaq üçün güclərini birləşdirməsini təmin edəcək. Əməkdaşlıq, qarşılıqlı ekoloji aksiyaların keçirilməsi, təcrübə mübadiləsi və hər iki klubun resurslarının birləşdirilməsi məqsədini güdür. Bu razılaşma ilə həm GDU, həm də ADAU, ekoloji problemlər haqqında daha geniş auditoriyanı məlumatlandırmaq və yaşıl gələcəyin formalaşmasına töhfə vermək üçün birgə fəaliyyətlərə başlayacaq. Gələcəkdə həyata keçiriləcək birgə layihələr, təlimlər və tədbirlər gənclərin ekologiyaya olan marağını artıracaq və onların sosial məsuliyyətini gücləndirəcək. Tədbirin ən emosional anı isə GDU EkoKlubunun sədri Mirfəqan bəyə ad günü münasibətilə təşkil edilən sürpriz oldu. EcoForce komandası tərəfindən hazırlanmış xüsusi eko-temalı tort və flama, həmçinin digər təbriklər, bu dostluq və əməkdaşlığın nə qədər səmimi və möhkəm olduğunu bir daha göstərdi. Mirfəqan bəyin sevincini və duyğulanmasını görmək, bu əməkdaşlığın yalnız ekoloji deyil, həm də insanları birləşdirən bir güc olduğunu bir daha sübut etdi. Bu əməkdaşlıq iki universitet üçün yeni imkanlar və layihələr üçün böyük bir başlanğıc olacaq.
