Dendrologiya İnstitutunda “Dayanıqlı meşə ekosistemlərində biomüxtəliflilik balansının qorunması, bərpa və davamlılığın təşkili strategiyasına müasir yanaşmalar” mövzusunda Forum keçirilib

 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunda 7-9 iyul 2025-ci il tarixində Dayanıqlı meşə ekosistemlərində biomüxtəliflilik balansının qorunması, bərpa və davamlılığın təşkili strategiyasına müasir yanaşmalar mövzusunda Forum keçirilib. Forum Gəncə Dövlət Universiteti, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Nəbatat Bağı və Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə baş tutub. Açılış nitqi ilə çıxış edən AR ETN Dendrologiya İnstitutunun baş direktor v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova qonaqları salamlayaraq, tədbirin keçirilməsində əsas məqsədin forum istiqamətinə uyğun olaraq tədqiqatçılar arasında meşə ekosistemləri ilə bağlı fikir mübadiləsi, yeni elmi-tədqiqat və araşdırmaların, bərpa texnologiyalarının və metodologiyaların müzakirə edilməsi, dayanıqlı meşə idarəetməsi üzrə siyasət və proqramların formalaşdırılmasına töhfə vermək, dövlət qurumları, QHT-lər və beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmaq, hədəflərə uyğun tədbirlər planlaşdırmaq, digər ölkələrlə təcrübə mübadiləsi və layihə əməkdaşlığı qurmaq, kənd ictimaiyyəti arasında ekoloji maarifləndirmənin təşkil edilməsi olduğunu vurğulayıb. Sonra, Gəncə Dövlət Universitetinin Botanika kafedrasının professoru Aynur Bayramova çıxışında belə tədbirlərin məqsədi ekoloji tarazlığın bərpası, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən Qarabağ bölgəsinin və ümumilikdə ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. Azərbaycanda meşələr əsasən üç növ ağacları əhatə edir – vələs, palıd və fısdıq. Bundan başqa, bu meşələrdə ağcaqayın, cökə, qızılağac, söyüd, qovaq, qarağac və digər enliyarpaqlı ağaclara da rast gəlinir. Azərbaycan Respublikası nadir ağac və kolların vətəni sayılır. Qarabağ meşələrinin zənginliyini və füsunkarlığını isə təkrar anlatmağa, yəqin ki, ehtiyac yoxdur. Əsrlər boyu özünün zəngin təbiəti ilə dillər əzbəri olan bu bənzərsiz region mənfur qonşularımızın çirkin niyyətlərini reallaşdırmağa başlamasından keçən müddət ərzində daha çox diqqət mərkəzinə gəldiyindən bu bölgənin bənzərsiz təbiətindən, flora və faunasının zənginliyindən kifayət qədər deyilib və yazılıb. Qarabağ və Şərqi Zəngəzur bölgəsində yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin, buradakı bioloji müxtəlifliyin və təbiət abidələrinin bərpası istiqamətində tədbirlər görülür. Belə ki, tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurulur. Alim dövlət təbiət qoruqlarının və yasaqlıqların sərhədlərinin müəyyənləşdirilməsi, oradakı təbiət obyektlərinin inventarlaşdırılması və lazımi mühafizə tədbirlərinin görülməsi zəruri olduğunu deyib. Daha sonra, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Biologiya və onun tədrisi texnologiyası” kafedrasının müdiri b.e.d., Anaxanım Yusifova, Qərbi Kaspi Universitetinin “Ekologiya və Ətraf mühit” kafedrasının müəllimi Ədilağa Məlikov, Gəncə Dövlət Universitetinin dosenti Ramidə Quliyeva, AR ETN Genetik Ehtiyatlar İnstitutunun b ü.f., dosenti Çimnaz Namazova və Dendrologiya İnstitutunun alimləri çıxış ediblər.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılaraq suallar cavablandırılıb.