“Chemistry of Complex Compounds, Chemistry, Analytics and Technologies of Noble and Rare Metals: Current Problems and Prospects” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilib

21-23 oktyabr 2026-cı ildə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova Özbəkistan Respublikasının Daşkənd şəhərində elmi fəaliyyətini uğurla davam etdirərək beynəlxalq konfransda plenar məruzə ilə çıxış edib, akademik mobillik proqramı çərçivəsində mühazirə dərsləri tədris edib. Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetində həyata keçirilən beynəlxalq elmi tədbirlər və akademik mübadilə proqramı elmi əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyıb. Oktyabrın 22–23-də Özbəkistan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin, Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin, Termiz Dövlət Universitetinin, Özbəkistan Elmlər Akademiyasının Ümumi və Qeyri-üzvi Kimya İnstitutunun, Bakı Dövlət Universitetinin və Türkiyənin Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə “Chemistry of Complex Compounds, Chemistry, Analytics and Technologies of Noble and Rare Metals: Current Problems and Prospects” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilib. Professor Sevda Əhmədova konfransda əsas plenar məruzəçi (Keynote Presentation) qismində çıxış edib. Onun beynəlxalq elmi platformada təqdim etdiyi məruzə elmi fikir və təcrübə mübadiləsinin bir hissəsi olub. Professor konfransdakı çıxışına görə xüsusi sertifikatla təltif edilib. Səfər çərçivəsində akademik əməkdaşlığın inkişafı istiqamətində də mühüm addım atılıb. Bununla yanaşı, oktyabrın 21–23-də akademik mobillik proqramı çərçivəsində professor Sevda Əhmədova Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasında bakalavriat səviyyəsinin III kurs tələbələrinə “Ekologiyanın müasir problemləri” fənni üzrə ümumilikdə 12 saatlıq mühazirə dərsləri tədris edib. Mühazirələr tələbələrin ekologiya sahəsində biliklərinin genişləndirilməsi, müasir ekoloji problemlər barədə elmi təsəvvürlərinin dərinləşdirilməsi və beynəlxalq akademik təcrübə mübadiləsinin təşviqi baxımından əhəmiyyət kəsb edib. Professor akademik mobillik proqramında iştirakına görə də müvafiq sertifikata layiq görülüb. Sevda Əhmədovanın beynəlxalq elmi konfransda plenar məruzə ilə çıxış etməsi, Özbəkistan Milli Universitetində mühazirələr tədris etməsi və iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verən tədbirlərdə iştirakı Gəncə Dövlət Universitetinin beynəlxalq akademik əlaqələrinin genişləndirilməsi baxımından əlamətdar hadisədir.

Professor Sevda Əhmədovanı beynəlxalq miqyaslı elmi və pedaqoji fəaliyyəti münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni elmi nailiyyətlər, uğurlu layihələr və davamlı müvəffəqiyyətlər arzulayırıq!