FAKÜLTƏNİN BEŞİLLİK FƏALİYYƏTİ QƏNAƏTBƏXŞ HESAB EDİLDİ

26 yanvar 2016-cı il tarixdə Biologiya-kimya fakültəsinin son beş ildəki fəaliyyəti ilə bağlı fakültənin genişləndirilmiş elmi şurası keçirilmişdir. Elmi şurada fakültənin dekanı dosent İsfəndiyar Alverdiyevin hesabatı dinlənilmişdir.
Qeyd edilmişdir ki, hesabat dövründə fakültə hər sahədə ciddi inkişaf yolu keçmiş, tədrisin keyfiyyətinin müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə auditoriyaların maddi-texniki təminatı yaxşılaşdırılmış, 2 ədəd kimya, 2 ədəd botanika,1 ədəd zoologiya laboratoriyası yenidən qurulmuş, lazımi inventar və avadanlıqlarla təhciz edilmişdir. Bu laboratoriyalarda nəinki yüksək səviyyəli dərslərin keçirilməsinə, hətta elmi-tədqiqat xarakterli təcrübələrin aparılmasına şərait yaradılmışdır.
Fakültədə təşkilati-metodiki işlərin icrasına diqqət artırılmış, kompleks elmi-tədqiqat işlərinin planlaşdırılması, tədrisin təşkili, həm əməkdaşlar, həm tələbələr arasında nizam-intizamın möhkəmləndirilməsi öz həllini tapmışdır. Hesabatın müzakirəsi zamanı çıxış edənlər də fakültədə və onun tabeliyində olan kafedralarda aparılan uğurlu işlərdən bəhs etdilər.
Elmi şura üzvləri yekdil olaraq fakültə dekanlığının beş illik fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.