xocalı soyqırımı ilə bağlı tədbir keçirildi

Tədbirdə fakültənin dekanı dosent İsfəndiyar Alverdiyev çıxış edərək bildirdi ki, Xocalı soyqırımı xalqımızın qan yaddaşının ən dəhşətli səhifələrindən biridir. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları tərəfindən dinc əhaliyə vəhşicəsinə amansız divan tutulmuşdur. Soyqırım nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür. Sonda dekan hər kəsi tariximizin bu ağrılı-acılı səhifəsini unutmamağa çağırdı. Tədbirdə həmçinin, humanitar məsələlər üzrə dekan müavini Zilxumar İsmayılova çıxış etdi. O, bildirdi ki, faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalının qəhrəman müdafiəçiləri təpədən dırnağa qədər silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik nümunəsi göstərərək vətən uğrunda şəhid oldular.