Fakültənin Kimya və biologiya müəllimliyi ixtisasının II kurs tələbələri “Kimyəvi materialşünaslıq elmi-tədqiqat” laboratoriyasında qeyri-üzvi sintez reaksiyası aparıblar. Fənn müəllimi b/m. Aygün Zeynalova tədris etdiyi “Qeyri-üzvi kimya” fənnindən, gümüş birləşmələrinin alınması və xassələri mövzusuna uyğun olaraq Ag8GeTe6, Ag8GeSe6 birləşmələrinin sintez reaksiyaları ilə tələbələri tanış edərək, onların tədqiqat aparmalarına şərait yaratmışdır.
Kimya kafedrasının müdiri dos.A.Məmmədova, lab.müdiri R.Həsənova və baş laborant G.Həsənova sintezin aparılma prosesini tələbələrə izah etdilər. Gümüşün xalkogenid birləşməsini almaq üçün reagentlər analitik tərəzidə çəkilir, şüşə ampulaya yerləşdirilərək, vakum şəraitində ağzı bağlanır. Ampula 7500 C qədər qızdırıcıda saxlanır və Ag8GeTe6 birləşməsi alınır. Sonra eyni qayda ilə Ag8GeSe6 birləşməsi sintez olunur. Alınmış birləşmələrin termoskan cihazına yerləşdirilərək, onların termodinamik xassələri öyrənilir. Qeyd olunur ki, bu xassələrin araşdırılması alınmış materialların gələcəkdə yarımkeçirici kimi tətbiqinə əsaslanır.
Tələbələrdə kimya elminə marağı artırmaq üçün gələcəkdə də belə tədbirlərin keçirilməsi nəzərdə tutulur.