Gəncə Dövlət Universitetinin Biologiya və Kimya fakültəsində 30.03.2021-ci il tarixində müəllim və tələbə heyəti arasında Microsoft Teams platformasında “31 Mart Azərbaycanlıların soyqırımı günü” ilə bağlı onlayn görüş keçirildi.Baş tutan tədbirdə Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Biologiya və kimya fakültəsinin dekanı İ.C.Alverdiyev, Dos.Yeganə Aslanova və fakültəmizin tələbələri iştirak etdi.
Tarixi qədimdən-qədim, soykökü minilliklərə gedib çıxan bir
xalq var – Azərbaycan xalqı! Əsrlər boyu hər cür məhrumiyyətə, müsibətə sinə gərib, ən ağır döyüşlərdən, ölüm-dirim savaşlarından qalib kimi çıxan, meydanda düşmənin gözünün içinə dik baxmağı bacaran məğrur, qürurlu, əyilməzdir Azərbaycan xalqı! Azərbaycan tarixində faciəli günlər çox olub. Xalqımızın həyat salnaməsini vərəqlədikcə əsrlər boyu başımıza gələnlərin şahidinə çevrilirik. Əcdadlarımızın, babalarımızın və atalarımızın zaman-zaman düçar olduqları bəlaları göz önünə gətiririk. Heyrət edirik ki, ağlagəlməz keşməkeşlərə tab gətirib yaşamış, bu günlərə gəlib çıxmış xalqımız nə qədər yenilməz və dözümlü imiş?!. Belə faciələrdən biri də 100 ili haqlayan 1918-ci il martın sonlarından aprelin əvvəllərinə kimi xalqımıza qarşı törədilən, tarixdə misli görünməmiş “Mart faciəsi” oldu.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürmüşdülər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir.
Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.