MƏZUNLARLA GÖRÜŞ

20 illik ayrılıqdan sonra eyni auditoriyada parta arxasında hər kəs öz yerində əyləşərək sevimli müəllimlərini dinləyir. Demək olar ki, bu dərsdən heç kim qalmayıb, hamısı toplanmışdır. 40-a yaxın məzun beləcə 1997-2001-ci illərə dönüb həyatın ən şirin dönəmini, tələbəlik illərini xatırlayır. Məzunların hamısı bu görüşdən çox razı qaldıqlarını bildirdilər. Bütün işlərini təxirə saldıqlarını, bu görüşə tələsdiklərini söylədilər.

Sonra fakültə əməkdaşlarından dos.M.Həsənov, dos.Z.İsmayılova və məzun Əfsun Sucayev televiziyaya müsahibə verdilər. Dos.Z.İsmayılova fakültədə qazanılan uğurlardan geniş söz açdı, məzunlara gələcək fəaliyyətlərində də uğurlar arzuladı. Məzunlar isə çıxış edərək bu görüşdən razı qaldıqlarını, xoş təəssüratlarını bildirdilər. Ən sonda fakültə dekanı dos.İ.Alverdiyev çıxış edərək bildirdi ki, 20 illik məzunlara baxdıqda onların arasında 1 elmlər doktoru, 6 fəlsəfə doktoru, 6 məktəb direktoru, 3 litsey rəhbəri, 2 tərəqqi medalı almış müəllim gördük. Bu böyük nailiyyətlər hamımızı çox sevindirdi.

Görüş davam etdi. Dos.M.Həsənov son 20 ildə fakültənin qazandığı uğurlar haqqında geniş məlumat verdi. Dedi ki, fakültənin təməli 1938-ci ildə qoyulub. 1 əsrə yaxın tarixi var. Bu tarixi dövr ərzində bu fakültədə zəngin təcrübə, yaxşı ənənələr formalaşıb. Bu təcrübə və ənənəni şərtləndirən bir sıra amillər vardır. Vaxtilə fakültədə respublikanın görkəmli alimləri dərs deyiblər. Məsələn, akademik Ələkbər Quliyev, akademik Validə Tutayuq, əməkdar elm xadimi professor Mirzə Sadıqov, professor Tofiq Qazıyev, professor İsfəndiyar Aslanov və s. Onların elmi irsinin təsiri hal-hazırda qalmaqdadır. Belə ki, bu ənənəni davam etdirən bir sıra alimlərimiz hal-hazırda dərs deyir. Fakültəni bitirən məzunlar haqqında onu da bildirdi ki, onlar yalnız pedaqoji fəalliyyətlə məşğul olmur, istehsalatda da digər işlərdə fəaliyyət göstərirlər. Digər peşələrdə çalışırlar.