Fakültəmizdə Novruz bayramı münasibətilə “Səməni festivalı” keçirildi. Universitetin rektoru prof.Yusif Yusibov tədbir iştirakçılarını salamladı və bayram münasibəti ilə təbrik etdi. O, çıxış edərək bildirdi ki, qədim köklərə malik Novruz bayramının dövlət səviyyəsində keçirilməsi, doğma yurdumuzda coşqu ilə qeyd olunması müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərindəndir. Həmçinin qeyd etdi ki, “Səməni” müsabiqəsi milli adət-ənənələrimizi yaşatmaq və yeni nəsillərə ötürmək məqsədi daşıyır. Sonra rektor Yusif Yusibov bayram xonçaları ilə yaxından tanış oldu. Festivalda milli adət-ənənələrimizi özündə əks etdirən bir-birindən gözəl bayram xonçaları nümayiş etdirildi. Novruz personajları sayılan Keçəl və Kosa əyləncəli tamaşalar təqdim etdilər. Sonda münsiflər tərəfindən qaliblər müəyyən edilərək onlara mükafat verildi.