GDU-DA İMTAHAN SESSİYASINI İZLƏMƏK ÜÇÜN MEDİATUR TƏŞKİL OLUNUB

Universitetimizdə 2023/2024-cü tədris ilinin yaz semestrinin  imtahan sessiyasına ictimai baxış keçirilib. Mediaturda millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Novosti Qyandja” qəzetinin baş redaktoru İrina Kalaşnikova, AMEA-nın Gəncə bölməsinin tədqiqatçı-alimi Elnur Həsənov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sənubər Qocayeva və digər ziyalılar, KİV nümayəndələri,  tələbə valideynləri iştirak ediblər. İlk olaraq universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Tədris məsələləri üzrə prorektor  Şahin Xurşudov, Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə Universitetin fəaliyyəti və uğurlarından bəhs ediblər. O da diqqətə çatdırılıb ki, dünya universitetlərinin reytinqinin əks olunduğu cədvəldə əhəmiyyətli sıralarda qərarlaşan GDU-nun nüfuzu günbəgün yüksəlməkdədir. Ən nüfuzlu reytinq təşkilatlardan olan “Times Higher Education” (THE) tərəfindən keçirilən “THE Impact Ranking”   və “Round University Ranking”-in 2024-cü il üçün reytinqinin nəticələri onu göstərir ki, Gəncə Dövlət Universiteti öz potensialını gündən-günə artırmaqdadır. Daha sonra universitetin prorektorları imtahan prosesinin təşkili və keçirilməsi qaydası ilə bağlı məlumat veriblər. İmtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir. Medaitur iştirakçıları auditoriyalarda imtahan prosesini izləyiblər və  müasir kameralar vasitəsi ilə imtahanların gedişini izləmək üçün yaradılan müşahidə otağı ilə tanış olublar. Mediatur iştirakçıları tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər. Sonda mediatur iştirakçıları Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova təşəkkürlərini bildiriblər.