GDU-da “məzun günü” keçirildi

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edildi. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu  Recep Öztop, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, Vətən müharibəsi qaziləri, şəhid valideynləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələr iştirak etdilər. Rektor Yusif Yusibov  məzunları təbrik etdi. Onlara gələcək həyatlarında və karyeralarında uğurlar arzuladı.

 Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında məzunlara ən səmimi ürək sözlərini çatdırıb, 86 illik tarixə malik Gəncə Dövlət Universitetinin məzunları arasında Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verən şəxslərin olduğunu bildirib.  Gəncə şəhər Icra Hakimiyyətinin başçısı məzunların peşəkar mütəxəssis, cəmiyyətimiz və Vətənimiz üçün uğurlu insan olacağına əminliyini  bildirib.

 Tədbirdə həmçinin 44 günlük Vətən müharibəsinin şəhidi Amal Əhmədovun anası Mehriban Əhmədova da çıxış etdi. O, məzunları təbrik etdi və onların vətənpərvər ruhunda yetişdirilməsinə önəm verən, daim qazi və şəhid ailələrinin yanında olan univseritet rəhbərliyinə təşəkkürünü bildirdi.

Tədbirdə təhsildə göstərdikləri yüksək nəticələrə və ictimai işlərdə fəal iştiraka görə  bir qrup məzuna Fəxri fərman, həmçinin məzun valideynlərinə Təşəkkürnamə təqdim olundu.

    “Məzun Günü”  konsert proqramı ilə davam etdi və  möhtəşəm atəşfəşanlıqla başa çatdı.