Xocalı soyqırımı – İnsanlıq tarixinin qanlı səhifəsi

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarların xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Xalqımız bu qanlı cinayətin – Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır. Xocalı şəhəri separatçılardan təmizlənib. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.

Müharibə başa çatsa da, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi gündəmə gəlsə də, erməni vəhşiliyini, 33 il əvvəl Xocalıda törədilmiş amansız soyqırımını heç vaxt unutmaq olmaz. Prezident İlham Əliyevin dediyi kimi: “Biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” 2025-ci il fevralın 25-də Sərəncam imzalayıb.