Ekoklubun sədri Mirfəqan Hacıyev ölkənin ilk və ən böyük Elm və Təhsil səhifəsində “İlin tələbəsi” adına layiq görüldü

Ölkənin ilk və ən böyük Elm və Təhsil səhifəsi “Azetelebe”, Azərbaycan Tələbələri səhifəsinin «İlin tələbəsi» adlı layihəsində bir sıra aktiv, bacarıqlı elm və təhsil həyatında böyük uğurlara imza atan tələbələr paylaşılır. Bu tələbələrdən biri də fakültəmizin tələbəsi Mirfəqandır. Gəlin onu yaxından tanıyaq.

Mirfəqan Hacıyev Ekologiya mühəndisliyi ixtisasının 1-ci kurs tələbəsidir. Akademik və ictimai fəaliyyətlərdə aktiv iştirak edərək bilik və bacarıqlarını inkişaf etdirməyə çalışır. Hal-hazırda onun ÜOMG-si 87-dir və daha da yüksək nəticələr əldə etmək üçün səy göstərir. Hər iki valideynini erkən yaşda itirməsinə baxmayaraq, həyata ümidini itirməmiş, nənəsinin dəstəyi ilə çətinliklərin öhdəsindən gəlmişdir. Universitet onun üçün təkcə təhsil aldığı yer deyil, eyni zamanda inkişaf etdiyi və gələcəyə hazırlaşdığı mühüm bir mühitdir. Ekologiyaya olan marağı Mirfəqanı GDU Ekoklubunun təsisçisi olmağa sövq etmişdir. Klubun əsas məqsədi ekoloji problemlərin həlli, maarifləndirmə və ekoloji layihələrin həyata keçirilməsidir. Klubun rəhbəri kimi müxtəlif seminarlar və ekoloji aksiyalar təşkil edərək tələbələr arasında ekoloji şüurun artırılmasına töhfə verir. Bundan əlavə, o, KİNG EDUCATION COMPANY MMC-nin qurucusu və rəhbəri kimi fəaliyyət göstərir. Bu təhsil platforması iki ildən çoxdur ki, təlimlər, seminarlar və vebinarlar təşkil edərək yüzlərlə gəncin inkişafına dəstək olmuşdur. Təlimçilik və pedaqoji sahədə qazandığı təcrübəni artırmaq üçün müxtəlif sahələr üzrə rəsmi təhsil almış, təlimçilik, moderatorluq və beynəlxalq yazıçılıq, sosial media marketinq sahələrində ixtisaslaşmışdır. Hələ orta məktəb illərindən akademik və pedaqoji sahədə fəal olan Mirfəqan, 6-cı sinifdə Çağdaş Təhsil kitabında fəal və çalışqan şagird kimi yer almışdır. Dizayn sahəsində də bilik və bacarıqlarını inkişaf etdirən Mirfəqan, Canva proqramı üzrə kurslar təşkil edərək 30 məzun yetişdirmiş, onlayn dizayn sifarişləri ilə 100+ daimi müştəriyə xidmət göstərmişdir. Təlimçilik sahəsində qazandığı təcrübələri Effektiv Təlimçilik Sənəti adlı kitabında toplamışdır. Mirfəqan GDU Tələbə Gənclər Təşkilatının (TGT) İdarə Heyətinin üzvü və dizayneridir. Bundan əlavə, o, Gəncə Yeni Azərbaycan Partiyası (YAP) Təşkilatının könüllüsü kimi də fəaliyyət göstərir. O, Adventure Development Academy MMC-də rəhbər vəzifəsində çalışmış, bir sıra özəl sektorda baş dizayner kimi fəaliyyət göstərmişdir. İDEA Education Center MMC-nin nəzdində fəaliyyət göstərən Flag təşkilatının Uğurdan danış rubrikasında çıxış edərək 18 yaşlı şirkət rəhbərinin uğur formulu mövzusunda öz təcrübəsini gənclərlə bölüşmüşdür. Hazırda onun əsas məqsədi KİNG EDUCATION COMPANY MMC-ni universitet səviyyəsinə çatdırmaqdır. Bunun üçün akademik və təhsil sistemlərini dərindən öyrənir, təşkilatını daha da inkişaf etdirmək üçün müxtəlif layihələr həyata keçirir. O, gələcəkdə bu şirkətin ölkənin ən tanınmış və etibarlı təhsil mərkəzinə çevrilməsi üçün çalışır. Bundan əlavə, o, Sevgi və Zaman Qanunu adlı fantastik roman üzərində işləyir. Bu əsərdə GDU-da təhsil alan iki rus tələbənin təsadüfən başqa bir boyuta keçməsi və orada başlarına gələn macəralardan bəhs edilir. Kitabın əsas xəttini onların fərqli dünyadakı mübarizələri və zamana qarşı verdikləri savaş təşkil edir. Mirfəqan gələcəkdə COP 30-da iştirak etməyi və beynəlxalq ekoloji forumlarda Azərbaycanı təmsil etməyi hədəfləyir. Eyni zamanda boş vaxtlarında şeirlər yazır və müxtəlif ədəbi layihələrdə iştirak edir. 2 nömrəli Asan Xidmət Gəncə şəhərində könüllülərə Canva təlimi keçərək biliklərini gənclərlə paylaşmışdır. Hazırda fəaliyyətini daha da genişləndirərək böyük miqyaslı layihələr və akademik inkişaf proqramları təşkil etməyi planlaşdırır. O, gənclərin potensialını üzə çıxarmaq, onlara yeni imkanlar yaratmaq və KİNG EDUCATION COMPANY MMC-ni ölkənin ən çox müraciət edilən təhsil mərkəzinə çevirmək üçün çalışır.

Mirfəqana fakültəmiz adından iş, təhsil və kariyera həyatında uğur və müvəffəqiyyət arzulayırıq !