
Ekoklub ətraf mühitin qorunması və ekoloji şüurun artırılması məqsədilə yeni bir təşəbbüsə start verib. “1 AĞAC = 5000 A4” şüarı altında həyata keçirilən bu layihə kağız israfının azaldılması və təkrar emalın təşviqini hədəfləyir. Layihənin məqsədi istifadə olunmuş kağız materiallarının-köhnə vərəqlərin, dəftərlərin, kitabların və digər çap məhsullarının toplanaraq təkrar emala göndərilməsini nəzərdə tutur. Məqsəd həm israfın qarşısını almaq, həm də ekoloji baxımdan əhəmiyyətli olan ağacların kəsilməsinin azalmasına töhfə verməkdir. Məlumdur ki, bir ağacdan təqribən 5000 A4 vərəqi istehsal olunur. Bu statistikaya əsaslanaraq Ekoklub hər kəsi düşünülmüş şəkildə kağızdan istifadə etməyə və istifadəyə yararsız olan materialları təkrar emala yönəltməyə çağırır.
Toplanacaq materiallara aiddir:
İstifadə olunmuş A4 vərəqlər
Köhnə dəftər və kitablar
Qutular, broşürlər, digər kağız tullantılar
Toplanmış materiallar ayırd edilərək təkrar emal üçün müvafiq məntəqələrə göndəriləcəkdir.
İştirak və dəstək: Layihəyə qoşulmaq istəyən tələbə və müəllimlər istifadə olunmuş kağızları GDU Ekoklubuna təhvil verə bilərlər. Bu proses könüllü əsasda həyata keçirilir və hər kəsin dəstəyi ətraf mühitin qorunmasına yönəlmiş bu vacib addımı daha təsirli edə bilər. Ekoklubdan çağırış: “Hansı ixtisasa sahib olursan ol, bu planet bizim evimizdir. Qorumaq və təmiz saxlamaq isə bizim borcumuzdur!” Sən də təbiətin xilasında iştirak et! Makulaturları tullamaq əvəzinə GDU Ekoklubuna təhvil verərək yaşıl gələcək üçün birgə addım at!
