“15 Aprel – Ekoloji Biliklərin Artırılması Günü” münasibətilə tədbir keçirildi

15 Aprel – Ekoloji Biliklərin Artırılması Günü münasibətilə Ekologiya və təbiəti mühafizə kafedrası tərəfindən maarifləndirici tədbir keçirilib. Tədbirin əsas qonağı Göygöl Milli Parkının direktoru Fuad Quliyev və onun işci heyyəti olub. Görüş tələbələrin ekoloji dünyagörüşünün genişləndirilməsi, təbiətin mühafizəsinə dair praktik biliklərin aşılanması məqsədilə təşkil olunub. Tədbirdə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova geniş çıxış edərək ekologiyanın müasir dövrdə xüsusi strateji əhəmiyyət daşıdığını vurğulayıb. Sevda müəllimə tələbələrə müraciətində bildirib ki, ətraf mühitin mühafizəsi və davamlı inkişaf prinsipləri yalnız elmi biliklərə əsaslanmamalı, eyni zamanda hər bir fərdin sosial və mənəvi məsuliyyət hissindən qaynaqlanmalıdır. Onun pedaqoji səmimiyyəti, tələbələrlə qurduğu ünsiyyət və rəhbərlik etdiyi kafedranın uğurları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Fuad Quliyev çıxışı zamanı Göygöl Milli Parkının ekoloji resursları, mühafizə strategiyaları və maarifləndirmə fəaliyyəti haqqında ətraflı məlumat verib. Eyni zamanda universitetin Ekoklubun təşəbbüslərini böyük məmnuniyyətlə qarşıladığını, tələbələrin hazırladığı layihələri və ideyaları çox dəyərli və gələcəyə yönəlmiş təşəbbüslər kimi qiymətləndirdiyini bildirib. O, Ekoklubun fəaliyyətini “nümunəvi, dinamik və ekoloji şüurun formalaşmasına töhfə verən bir təşəbbüs” kimi xarakterizə edib. Qeyd edilib ki, Ekoklubun tələbələri tərəfindən son aylarda hazırlanmış bir sıra layihələr – o cümlədən ağacəkmə kampaniyaları, ekologiyaya aid tələbələrin seminarları, ekoloji maarifləndirmə aksiyaları, makalatura yığımı, təkrar emal kompaniyaları və s. kimi– həm yerli, həm də milli səviyyədə maraqla qarşılanıb. Bu layihələr Göygöl Milli Parkı rəhbərliyi tərəfindən də bəyənilib və dəstəklənib. Fuad Quliyev klubun bu enerjisini təqdir edərək bildirmişdir ki, belə gənclər Azərbaycan təbiətinin gələcək qoruyucularıdır. Tədbirdə Göygöl Milli Parkına dair xüsusi videoçarx nümayiş olunub. Nümayişdə parkın nadir təbiət mənzərələri, qorunan heyvan və bitki növləri, habelə ekoturizm potensialı təqdim edilib. Video iştirakçılarda böyük maraq və ruh yüksəkliyi yaradıb. Sonda həm Ekoklubun fəal üzvləri, həm də kafedranın aktiv tələbələri Göygöl Milli Parkına ekskursiyaya dəvət olunublar. Bu ekskursiya çərçivəsində tələbələr ərazidə praktiki müşahidələr aparacaq, canlı ekosistemlərlə birbaşa tanış olmaq imkanı əldə edəcəklər. Bu tədbir bir daha sübut etdi ki, Ekologiya və təbiəti mühafizə kafedrası, eləcə də onun nəzdində fəaliyyət göstərən Ekoklub, təkcə tədris və maarifləndirmə ilə deyil, həm də gəncləri cəmiyyətin ekoloji problemlərinə yönəltməkdə və onların bu sahədə fəal iştirakını təmin etməkdə mühüm rol oynayır.