Gəncə Dövlət Universiteti Ekoklubu ilə Azərbaycan Texnologiya Universiteti Ekoklubu arasında əməkdaşlıq

18 sentyabr  2025-ci il tarixində Gəncə Dövlət Universitetinin əsas korpusunda mühüm bir tədbir keçirilib. Bu çərçivədə Gəncə Dövlət Universiteti Ekoklubu ilə Azərbaycan Texnologiya Universiteti Ekoklubu arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlığın əsas məqsədi ekoloji sahədə birgə layihələrin həyata keçirilməsi, maarifləndirici seminar və təlimlərin təşkili, könüllülük fəaliyyətinin gücləndirilməsi və tələbələrin ekoloji şüurunun artırılmasıdır. Tədbirdə Gəncə Dövlət Universiteti Ekoklubunun sədrləri Mirfəqan Hacıyev və Zəhra İsgəndərova, Azərbaycan Texnologiya Universiteti Ekoklubunun sədri Sərxan Kazımov iştirak ediblər. Eyni zamanda klubların müəllim koordinatoru, GDU Ekologiya və Təbiəti Mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova da tədbirdə iştirak edib. Görüş zamanı tərəflər yalnız memorandumun imzalanması ilə kifayətlənməyib, həmçinin hər iki klubun nizamnaməsi, daxili strukturu və həyata keçiriləcək layihələr barədə ətraflı müzakirələr aparıblar. Bu, gələcək fəaliyyətlərin planlı və sistemli şəkildə davam etdirilməsinə zəmin yaradıb. Sonda vurğulanıb ki, imzalanmış əməkdaşlıq memorandumu tələbələrin ekoloji sahədə nəzəri biliklərini praktiki fəaliyyətlərlə birləşdirməsinə, universitetlərarası dostluq münasibətlərinin möhkəmlənməsinə və cəmiyyət üçün faydalı ekoloji təşəbbüslərin reallaşdırılmasına mühüm töhfə verəcək.