“Ekoklub”un ADAU “ECOFORCE” Klubunun təşkil etdiyi elmi görüşdə iştirakı

Bu gün Gəncə Dövlət Universiteti Ekoklubu Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ECOFORCE Klubunun təşkil etdiyi “Universitetlərin və müəllimlərin ekologiya sahəsinə töhfəsi” adlı elmi görüşdə fəal iştirak edib. Tədbir ADAU müəllim heyətinin bir sıra üzvlərinin ekologiya elminin müasir problemləri, ekoloji maarifləndirmə və təhsil sahəsindəki uğurları haqqında zəngin və faydalı çıxışları ilə başlayıb. Həmçinin ADAU-nun tədris fəaliyyəti, elmi layihələri və universitet imkanları barədə iştirakçılara ətraflı məlumat təqdim edilib. Görüşün praktiki hissəsində ADAU ECOFORCE Klubunun sədri Seymur Məstalıyev GDU-dan gələn tələbələri ADAU-nun müxtəlif mərkəz və laboratoriyaları ilə tanış edib, onların fəaliyyətini nümayiş etdirib. Eyni zamanda GDU Ekoklubunun sədri Mirfəqan Hacıyev tələbələrə rəhbərlik edərək, GDU və ADAU arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Tələbələr bu görüşdə yalnız yeni elmi biliklər əldə etməklə qalmayıb, həm də universitetlərarası təcrübə mübadiləsi apararaq ekoloji layihələrdə əməkdaşlığın potensialını bir daha müşahidə ediblər. Mirfəqan Hacıyev ADAU-nun birinci kurs Ekologiya tələbələrini Gəncə Dövlət Universiteti və Ekoklub fəaliyyətləri ilə yaxından tanış olmağa dəvət edib. Görüş GDU Ekoklubu üçün olduqca faydalı, maarifləndirici və əyləncəli keçib, gələcək əməkdaşlıqların səmərəli olacağına zəmin yaradıb.