
GDU Ekoklubun təşkilatçılığı və KİNG EDUCATION COMPANY MMC-nin rəsmi dəstəyi ilə “Təbiətə Qayıdış: Texnologiya ilə Uyğunlaşan Dünya” adlı 2 saatlıq onlayn seminar – Zəfər Gününə özəl olaraq Zoom platformasında təşkil olundu. Ekoklubun sədri, KİNG EDUCATION COMPANY MMC-nin direktoru və Ekologiya mühəndisliyi ixtisasının II kurs tələbəsi Mirfəqan Hacıyev çıxışında texnologiyanın inkişafının təbiətə göstərdiyi müsbət təsirlər barədə danışaraq ekoloji innovasiyaların gələcək üçün yaratdığı imkanları vurğuladı. Daha sonra Milli Aviasiya Akademiyası, Ekologiya mühəndisliyi ixtisası, III kurs tələbəsi Hüseyn Qüdrətov çıxış etdi. O, texnologiyanın ekoloji sistemlərə göstərdiyi mənfi təsirlərdən bəhs edərək müasir dövrdə yaranan riskləri, ekoloji problemləri və onların nəticələrini diqqətə çatdırdı. Seminarda ölkənin müxtəlif bölgələrindən olmaqla 11 fərqli universitetdən tələbə və müəllimlər iştirak etdi və hər iki mövzu ətrafında interaktiv diskussiya aparıldı. Tədbirin xüsusi qonağı, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədova da iştirak edərək iştirakçılara Zəfər Gününün əhəmiyyətini vurğuladı və ekoloji sahədə gənclərin fəallığının önəmini qeyd etdi. Seminar yüksək dinamika və aktivliklə keçərək müasir texnologiyaların təbiətlə olan qarşılıqlı əlaqəsinə dair geniş və faydalı məlumatlar təqdim etdi.
