“Akademik Yusif Məmmədəliyev elmi irsi və XXI əsr” mövzusunda konfrans keçirildi

Kimya və biologiya fakültəsində görkəmli alim və ictimai xadim,  Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri,  akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunan konfrans keçirilib. Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başladı. “Akademik Yusif Məmmədəliyev elmi irsi və XXI əsr” mövzusunda olan konfransda Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bildirib ki, akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır. Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alimin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri vardır. Daha sonra universitetinin Elm və İnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyəti, onun yaratdığı elmi məktəb, görkəmli alimin elmin inkişafı naminə gördüyü işlər haqqında geniş məlumat verib. Kimya və biologiya fakültəsinin dekanı, professor İsfəndiyar Alverdiyev çıxışında  bildirib ki, XX əsrin ən böyük kimyaçı alimlərindən olan Yusif Məmmədəliyev yüksəkoktanlı benzinlərin alınması, neft-kimya proseslərinin tədqiqi, kataliz və üzvi sintez sahəsində apardığı fundamental araşdırmalarla Azərbaycan elmini beynəlxalq elmi mərkəzlərdə tanıdıb. Konfransda həmçinin Kimya kafedrasının müdiri, dosent Aynur Məmmədova, kafedranın əməkdaşları dosent Samirə Mehdiyeva və  dosent Xəyalə Kəsəmənli akademik Yusif Məmmədəliyevin kimya elminə verdiyi töhfələrdən danışıblar.
Fakültənin 22 tələbəsinin Azərbaycan və  ingilis dillərində məruzələri dinlənilib.
  Sonda tələbələrə Fəxri fərmanlar təqdim edilib.