


Gəncə Dövlət Universitetində İnnovasiyalar Departamentinin təşəbbüsü ilə təşkil olunan “Yeni bir fikrim var 2” müsabiqəsinin final mərhələsi keçirilib. Universitetin rektoru Yusif Yusibov giriş sözü ilə çıxış edərək gənclərin və akademik heyətin yenilikçi baxışları, istedadlarının aşkara çıxarılması üçün belə müsabiqələrin rolundan danışıb və müsabiqənin işinə uğurlar arzulayıb. Final mərhələnin birinci hissəsində müsabiqə haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, “Yeni bir fikrim var 2” müsabiqəsinə ilkin mərhələdə professor-müəllim heyəti və tələbələr tərəfindən çoxsaylı müraciət olunub. İlkin mərhələdə müraciətlər rektorluğun əmri ilə yaradılmış müstəqil ekspertlərdən ibarət Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirlib və 38 ideya arasından tələbələrdən ibarət 6 komanda və professor-müəllim heyətindən ibarət 6 komanda finala vəsiqə qazanıb. Seçilmiş komandalar növbəti mərhələdə öz ideyalarını daha da təkmilləşdiriblər və finalda təqdim etmək üçün hazırlayıblar. Çıxışlar yekunlaşdıqdan sonra final mərhələyə vəsiqə qazanmış iştirakçılar müstəqil ekspertlərdən ibarət Qiymətləndirmə Komissiya qarşısında təqdimatla çıxış ediblər. Final mərhələdə iştirak hüququ qazanmış tələbələr arasından təqdim edilən “Fructadrop” adlı layihə 1-ci yerə layiq görülmüşdür. Bu layihənin qalibləri Biologiya ixtisasının II kurs tələbəsi Nağıyeva Zeynəb, Ekologiya ixtisasının III kurs tələbəsi İsgəndərova Zəhra və Ekologiya ixtisasının II kurs tələbəsi İsmayılov Rəşid olmuşdur. Qeyd edək ki, rektorun müvafiq əmrinə əsasən universitet Elmi Şurasının qərarı əsasında qalib tələbələr üçün I yerə 700 AZN, II yerə 500 AZN, III yerə isə 300 AZN müəyyən olunub. Sonda “Yeni bir fikrim var 2” müsabiqəsinin final mərhələsində iştirak hüququ qazanmış bütün iştirakçılara universitetin rektoru Yusif Yusibov tərəfindən imzalanmış Sertifikatlar təqdim edilib.
