


Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib. Forum ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində baş tutub. Forumda dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, akselerasiya və inkubasiya mərkəzlərinin təmsilçiləri, investorlar, aqrar startapçılar, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər iştirak ediblər. Gəncə Dövlət Universitetini İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev, şöbənin əməkdaşı Kamran Yusibov, Kimya və biologiya fakültəsinin tələbələri İsfəndiyar Aslan və Zeynəb Nağıyeva təmsil ediblər. IV Aqrar Startaplar və İnnovasiya Forumunda aqrar startapçıların, akselerasiya və inkubasiya mərkəzlərinin, eləcə də özəl sektor nümayəndələrinin təqdim etdiyi innovativ həll və texnologiya nümunələri sərgilənib. Daha sonra aqrar startaplar haqqında videoçarxlar nümayiş olunub və uğurlu startapçılar forum iştirakçılarına öz innovativ layihələrinin təqdimatını həyata keçiriblər. Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin tələbələri İsfəndiyar Aslan və Zeynəb Nağıyeva öz startap layihələrini təqdim ediblər. Tələbələrimiz forumda fəal iştirakına görə sertifikata layiq görülüblər.
