“Peşəkar bacarıqların inkişafı” təlimi uğurla başa çatdı

Botanika kafedrasının əməkdaşı Allahverdiyeva Humay Elçin qızı “Gələcəyini Qarabağda Qur” proqramı çərçivəsində təşkil olunan “Peşəkar bacarıqların inkişafı” təlimində iştirak etmişdir. Təlimdə iştirak edənlər Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində fəaliyyət göstərən UNEC Xanım Tədqiqatçılar Şurası olaraq işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Qarabağda icma quruculuğunun (community engagement) və sosial kohezionun institusional əsaslarla formalaşdırılmasını strateji prioritet kimi müəyyən etmişlər. Məqsədləri post-konflikt mərhələdə sosial kapitalın gücləndirilməsi, inklüziv iştirakçılığın təşviqi və dayanıqlı sosial inkişaf modelinin elmi əsaslarla tətbiqinə töhfə vermək olmuşdur. Bu baxımdan “Gələcəyini Qarabağda Qur” proqramı çərçivəsində təşkil olunan “Peşəkar bacarıqların inkişafı” təlimi UNEC Xanım Tədqiqatçılar Şurası ilə Qarabağ Təlim Mərkəzinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilmişdir. 21–22 fevral tarixlərində Xankəndidə baş tutan ilk təlim yalnız maarifləndirici deyil, həm də sosial inteqrasiyanı təşviq edən platforma rolunu oynamışdır. Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan iştirakçıların bir məkanda toplanması regionlararası dialoqun və qarşılıqlı etimad mühitinin formalaşmasına real töhfə vermişdir. Təlimdə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Universiteti və Qarabağ Universitetinin müəllim və tələbə heyətinin böyük həvəslə iştirakı akademik həmrəyliyin və bilik paylaşımının güclü göstəricisi olmuşdur. Əməkdaşımız sonda sertifikatla mükafatlandırılmışdır.