“Regionun incisi, təbiətin səsi” adlı elmi konfrans keçirildi

GDU Ekoklubun yaradılmasının bir illiyinə həsr edilmiş  “Regionun incisi, təbiətin səsi” adlı  konfrans keçirildi. Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan konfransda  Ümummilli Lider Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarını verən şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edildi. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva GDU Ekoklubun fəaliyyətindən bəhs edib. Diqqətə çatdırıb ki, Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə yaradılan, könüllü tələbələrin üzv olduğu Ekoklubun fəaliyyəti əsasən ətraf mühitin qorunması, ekoloji maarifləndirmə və davamlı inkişaf ideyalarının təşviqi istiqamətində qurulur. Konfransda Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən İsfəndiyar Alverdiyev ekoloji tarazlığın və ətraf mühitin qorunması, yenidənqurma prosesində “ağıllı şəhər” və “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilməsindən danışıb. Daha sonra Botanika kafedrasının müdiri Vaqif Novruzov, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova, Kimya kafedrasının müdiri Aynur Məmmədova, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri Vəfa Məmmədova və falültəmizin tələbələri, GDU Ekoklubun  sədri Mirfəqan Hacıyev   və  Zəhra İsgəndərova “EKOKLUB-Başdan sona uğur və nəaliyyətləri”, ADAU-nun  Ekologiya və Meşəçilik kafedrasının müdiri Nizami Seyidalıyev “Kənd təsərrüffatında kimyalaşmanın ekoloji məsələləri” və başqaları məruzələrlə çıxış ediblər. Həmçinin Ekoklubun tərəfdaşları olan ATU-nun Ekoklub sədri Sərxan Kazımov, ADAU-nun Ecoforce klub sədri Seymur Məstalıyev öz xoş arzularını və Ekoklubla əməkdaşlığın onlar üçün sevindirici hal olduqlarını vurğuladılar. Elmi konfrans qarşılıqlı fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi ilə başa çatıb.