



6 mart 2026-cı il tarixində KİNG Education Company MMC-nin rəsmi dəstəyi, ATU Ekoklub və ADAU EcoForce Club-un tərəfdaşlığı ilə GDU Ekoklub tərəfindən “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə “Təhsilli qadın-təhsilli cəmiyyət” adlı intellektual yarış uğurla təşkil olundu. Yarışda ümumilikdə 8 komanda və 40 iştirakçı iştirak etmiş, iştirakçılar öz bilik və intellektual bacarıqlarını nümayiş etdirmişlər. Tədbirin münsiflər heyətində: Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova, KİNG Education Company MMC-nin təsisçi direktoru və eyni zamanda GDU Ekoklubun sədri Mirfəqan Hacıyev, kafedranın müəllim heyəti yer almışdır. Yarışın sonunda ilk 3 yerin qalibləri fəxri fərmanla təltif edilmişlər. Həmçinin I yerə layiq görülən komandanın 5 üzvünə ümumi dəyəri 350 AZN olan kurs və marafon paketləri hədiyyə olunmuşdur. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibi “Nərgiz” komandası olmuşdur. Bu cür tədbirlərin keçirilməsi cəmiyyətdə qadın təhsilinin və intellektual inkişafın təşviq olunmasına mühüm töhfə verir.
