


22 aprel 2026-cı il tarixində “Ekologiya və təbiəti mühafizə” kafedrası və “Ekoklub KTT”-nin birgə təşkilatçılığı ilə Beynəlxalq Yer Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova ətraf mühitin qorunmasının vacibliyindən və bu sahədə gənclərin üzərinə düşən məsuliyyətdən bəhs edib. Daha sonra Ekoklubun sədri Mirfəqan Hacıyev, sədr müavinləri-Ekologiya ixtisasının I kurs tələbələri Nilufər Eminbəyli və Əminə Nəcəfova çıxış edərək, klubun gələcək layihələri və ekoloji şüurun artırılması istiqamətində görüləcək işlər barədə məlumat veriblər. Kafedranın müəllim heyəti və klubun idarə heyətinin (staff) aktiv iştirak etdiyi görüşdə, tələbələr tərəfindən ekoloji problemlərin həllinə yönəlmiş innovativ ideyalar səsləndirilib. Tələbə auditoriyası tərəfindən böyük maraqla qarşılanan tədbir, interaktiv müzakirələr və gələcək əməkdaşlıq planlarının müəyyənləşdirilməsi ilə yekunlaşıb.
