İstehsalat təcrübəsi davam edir

Kimya və Kimya mühəndisliyi ixtisasının IV kurs tələbələrinin istehsalat təcrübəsi kafedra müdiri Dos. Aynur Məmmədova  və rəhbər müəllimlərin b/m. k.ü.f.d. Vüsalə Abbasova, b/m Fəridə Məmmədovanın rəhbərliyi ilə davam edir. İstehsalat təcrübəsinin növbəti mərhələsində tələbələr Azəralüminium MMC-nin mərkəzi laboratoriyasında olmuşlar. Laboratoriyanın aparıcı kimya mühəndisi Əlizadə Elzarə Kamil qızı tərəfindən  təhlükəsizlik və davranış qaydaları haqqında məlumatlandırıldıqdan sonra “Ekspres analiz” laboratoriyasında  zavoda daxil olan ilkin xammalların (Al2O3 (gil torpaq), Na2CO3 (natrium karbonat), CaF2 (kalsium florid), AlF3 (Alüminium florid), Na3AlF6(kriolit) və anod blokları) analizi prosesləri tələbələrə izah edildi. Sonra “Spektro analiz” laboratoriyasında Əhmədova Ziyafət Pənah qızı Elektroliz təknələrindən və Metal tökmə və İsti yayma sahələrindən gələn nümunələrin analiz proseslərinin iş prinsipinin nəzəri və praktik tərəflərini, həmçinin beynəxalq standartlara uyğun markalanma qaydalarını ətraflı şəkildə izah etdi. Tələbələr həmçinin, elektroliz təknələrindən gələn nümunələrin Herzoq üyütmə dəzgahında toz halına keçirilməsi və borat turşusu ilə taplet şəklinə salınaraq analizə hazırlanması prosesi haqqında geniş məlumat əldə etdilər.