Ekoklub Könüllü Tələbə Təşkilatının könüllülərinin Qarabağa maarifləndirici və yaddaqalan səfəri

Ekologiya və təbiəti mühafizə kafedrasının müəllim heyəti və Ekoklub Könüllü Tələbə Təşkilatının könüllüləri Qarabağa maarifləndirici və yaddaqalan səfər həyata keçirdilər. Bu günü səmərəli dəyərləndirən kollektiv Şuşa qalası, Cıdır düzü, Yuxarı Gövhər Ağa məscidi, İsa bulağı və Xankəndi şəhərinin bir sıra görməli məkanlarını ziyarət etdi. Səfər çərçivəsində iştirakçılar Qarabağ regionunun ekoloji potensialı, biomüxtəlifliyi və təbii landşaftlarının qorunmasının əhəmiyyəti barədə müzakirələr aparıblar. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə ekosistemin bərpası, təbii sərvətlərin mühafizəsi və ekoloji davamlılığın təmin olunması istiqamətində görülən işlər tələbələrin xüsusi marağına səbəb olub. Tarixi abidələr və təbiət nümunələri ilə yaxından tanış olan tələbələr üçün bu səfər həm elmi-praktik biliklərin artırılması, həm də vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından önəmli təcrübə oldu. Birlik, motivasiya və maariflənmə ruhunda keçən ekskursiya iştirakçılarda unudulmaz təəssüratlar yaratdı.