


Gəncə Dövlət Universitetində yaz semestri imtahan sessiyasının gedişini izləmək məqsədi ilə mediatur təşkil olunub. Mediaturda millət vəkili, KİV nümayəndələri, universitet əməkdaşları və tələbə valideynləri iştirak edib. Əvvəlcə mediatur iştirakçıları ilə görüş keçirilib. Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə giriş sözü ilə çıxış edərək 2025/2026-cı tədris ili üzrə yaz semestrinin imtahan sessiyası ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, imtahan prosesində obyektivliyin və akademik dürüstlük prinsiplərinin təmin olunması universitet rəhbərliyinin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdəndir. Daha sonra tədris məsələləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən prof. İsfəndiyar Alverdiyev Gəncə Dövlət Univrersitetində tələbələrin bilik və bacarıqlarının ədalətli qiymətləndirilməsi, akademik dürüstlük prinsiplərinin qorunması, eləcə də imtahan prosesində operativ nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı həyata keçirilən işlər haqqında danışıb.
Daha sonra isə tələbə valideynləri imtahanlarda obyektivliyin təmin olunmasına və ədalətli şəkildə təşkilinə görə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova təşəkkürlərini bildiriblər.
