
26 İyun – Silahlı Qüvvələr Günüdür. Azərbaycan Ordusunun keçdiyi inkişaf yoluna nəzər saldıqda aydın görünür ki, əldə olunan uğurlar təsadüfi deyil. Bu uğurların təməlində uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti, milli maraqlara əsaslanan strateji qərarlar və xalqın öz ordusuna olan böyük etimadı dayanır. Hər bir ordunun döyüş qabiliyyətini müəyyən edən əsas amillərdən biri onun mənəvi gücüdür. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün-26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun qazandığı Qələbələr nəticəsində ərazi bütövlüyü və suverenliyi bərpa olunan Azərbaycanın Üçrəngli Bayrağı qürurla dalğalanır, işğaldan azad olunmuş torpaqlarımızda da bayramlar böyük coşqu ilə qeyd olunur. Son illər ərzində Azərbaycan Ordusunun regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilməsi məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Dövlətimizin başçısının rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl islahatlar, müasir silah və texnikaların alınması, hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü əhəmiyyətli dərəcədə artırıb.
