15 Sentyabr – Bilik Günü münasibətilə görüş

15 Sentyabr – Bilik Günü münasibətilə hər il olduğu kimi, bu il də Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədova, Tələbə Həmkarlar İttifaqları Komitəsinin sədri Pərviz Adıgözəlov və Ekoklub KTT-nin sədri Mirfəqan Hacıyev Ekologiya mühəndisliyi ixtisasının I kurs tələbələri ilə görüşüblər. Görüşün əvvəlində professor Sevda Əhmədova tələbələri 15 Sentyabr – Bilik Günü münasibətilə təbrik edib, onlara təhsillərində bol uğurlar və yüksək nailiyyətlər arzulayıb. Sevda müəllim tələbələrə universitet həyatında fəal olmağın, öz üzərlərində çalışmağın və yaradılan imkanlardan düzgün yararlanmağın vacibliyindən danışıb. Daha sonra Pərviz Adıgözəlov tələbələrə universitetdə ictimai fəaliyyət, tələbə təşkilatlarının fəaliyyəti və tələbələrin sosial həyatında fəal iştirakın əhəmiyyəti barədə məlumat verib. Mirfəqan Hacıyev isə tələbələrlə universitet həyatı, tələbəlik illərinin maraqlı tərəfləri və könüllülük fəaliyyətinin gənclərin şəxsi inkişafındakı rolu haqqında söhbət aparıb. Səmimi və xoş abu-havada keçən görüş zamanı tələbələrlə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

Yeni tədris iliniz mübarək, əziz tələbələr!