tələbəmizin macarıstanda “avropa həmrəylik korpusu” çərçivəsində könüllülük fəaliyyəti

Ekologiya mühəndisliyi ixtisasının III kurs tələbəsi İsmayılov Rəşid Ceyhun oğlu Macarıstanda “Avropa Həmrəylik Korpusu” çərçivəsində könüllülük layihəsində iştirak edib. Rəşid Azərbaycan üzrə bu layihə üçün müraciət edən 900 nəfərin içərisindən tək olaraq seçilmişdir. O, könüllülük zamanı ordakı müxtəlif yaş qrupundan olan uşaqlara fasilitator vəzifəsini icra edib və onların asudə vaxtlarının səmərəli keçirmələrinə vasitəçi olmuşdur. Tələbəmiz öz təəssüratlarını bizimlə belə bölüşdü: Macarıstandakı könüllülük təcrübəm zamanı macar dilini bilmədiyim üçün yerli insanlarla çox vaxt tərcüməçilərin köməyi ilə ünsiyyət qururduq. Onlarla birbaşa, eyni dildə danışa bilməməyim ilk baxışdan bir maneə kimi görünə bilərdi. Lakin zaman keçdikcə anladım ki, səmimiyyət, mehribanlıq, qayğı və insanlara olan hörmət dil baryerindən daha güclüdür. Macar dilində danışa bilməsəm də, davranışlarımla, münasibətimlə və səmimiyyətimlə onların qəlbində özümə yer tapa bildim. Onlarla qurduğum münasibətlər mənə göstərdi ki, bəzən insanın yaddaşında qalmaq üçün çox sözə ehtiyac yoxdur. Bəzən bir təbəssüm, kiçik bir kömək və səmimi münasibət minlərlə sözdən daha çox məna daşıyır. Bu təcrübə mənim üçün sadəcə könüllülük fəaliyyəti deyildi. Bu, fərqli mədəniyyətlər arasında körpülər qurmağı, insanları daha yaxşı anlamağı və fərqliliklərə baxmayaraq ortaq dəyərlər ətrafında birləşməyi öyrəndiyim unudulmaz bir təcrübə oldu.

Tələbəmiz Rəşidə gələcək fəaliyyətində uğurlar arzu edirik!