


30 oktyabr 2026-cı il tarixində fakültədə “Ağ ölümə yox deyək!” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq narkomaniyanın dünya ölkələrinin qarşılaşdığı ən ciddi problemlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, illərdir bu bəla ilə müxtəlif vasitə və metodlarla mübarizə aparılmasına baxmayaraq, problemin aktuallığı hələ də qalmaqdadır. Eyni zamanda gənclərin zərərli vərdişlərdən qorunması, onların sağlam, savadlı və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən islahatlardan, qəbul edilən dövlət proqramlarından və qanunvericilik tədbirlərindən ətraflı bəhs edib. Prorektor bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsinin və gənclərin sağlam həyat tərzinə təşviq edilməsinin vacibliyini diqqətə çatdırıb. Tədbirdə narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və cəmiyyətə vurduğu zərərləri əks etdirən, narkomanlığın ağır fəsadları barədə maarifləndirici videoçarx nümayiş olunub. Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb və ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı. Pərvin Kərimzadə çıxışında Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində ölkəmizdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, eləcə də narkomanlığa qarşı mübarizə sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyini, bu istiqamətdə mühüm nailiyyətlərin əldə olunduğunu bildirib. GDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxışında narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işlərinin mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, narkotik vasitələrin yaratdığı təhlükələr, onların insan sağlamlığına, ailə münasibətlərinə və cəmiyyətin gələcəyinə vurduğu zərər barədə xüsusilə gənclərin məlumatlandırılması olduqca vacibdir. Həmçinin Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Gülabatın Hümbətova, Kimya kafedrasının baş müəllimi Sevinc Zeynalova mövzu ilə bağlı məruzə ilə çıxış ediblər.
