TƏBRİZLİ QONAQLARLA GÖRÜŞ

22 oktyabar 2015-ci il tarixdə İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyəti Təbrizlə qardaşlaşan Gəncə şəhərində səfərdə olmuşdur. Nümayəndə heyətindən Təbriz Tibb Universitetinin rektoru professor Məhəmməd Hüseyn Somi və İran Xarici İşlər Nazirliyinin məsul şəxsi İsmayıl Babayi ilə Gəncə Dövlət Universitetinin əməkdaşları arasında görüş keçirilmişdir.

Qonaqları çoxsayı kollektiv adından salamlayan rektor professor Yusif Yusibov ilk öncə iki dövlətin tarixi yaxınlığını, iqtisadi-siyasi əlaqələrin daha da möhkəmlənməsini, Təbrizin isə xalqımız üçün nə dərəcədə əziz bir şəhər olmasını nəzərə çatdırmaqla yanaşı, Gəncə Dövlət Universitetinin yaranma tarixi, bu günkü maddi-texniki təçhizatı, xarici dövlətlərin universitetləri ilə əlaqələri haqqında qısa məlumat verdi. Yaxın zamanlarda isə İran İslam Respublikasının ali təhsil müəssisələri, o cümlədən professor Məhəmməd Sominin rəhbərlik etdiyi Tibb Universiteti ilə sıx əməkdaşlığın yaranacağına dərin inamını bildirdi.

Professor Məhəmməd Somi görüş iştirakçılarını rektor olduğu Tibb Universiteti haqqında məlumatlandırdı. Gəncədə isə birinci dəfə olduğunu deməklə bərabər, dahi Nizami ilə bağlı olan bu şəhərə sonsuz istəyini xüsusilə vurğuladı. Professor hər iki universitet arasında əməkdaşlığın yaranmasına, ilk növbədə tələbə-müəllim mübadiləsinə hazır olduğunu, bu əlaqənin iki dövlətdə yaşayan bir xalqın daha da inkişafına təkan verəcəyini bildirdi.

Gəncə Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Xəlil Yusifli qonaqları səmimi sözlərlə salamlayıb, fars dilində yazmış şairlərin Azərbaycan dilinə tərcümə etdiyi və nəşr olunmuş kitablarını onlara hədiyyə verdi.

Sonda professor Yusif Yusibov səmimi görüş üçün bir daha təşəkkürünü bildirərək Universitetin təsviri incəsənət tələbələrinin əl işlərindən ibarət bitrajı və Baş binanın təsviri həkk olunmuş hədiyyəni qonaqlara təqdim etdi.