Zəfər Günü ilə əlaqədar tədbir keçirildi

Gəncə Dövlət Universitetində Zəfər Günü ilə əlaqədar böyük bayram tədbiri keçirildi. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərləri, şəhid valideynləri, qazilər, eləcə də Vətən müharibəsində şücaət göstərən komandir və hərbçilər iştirak etdilər.

      Tədbirdə Vətən müharibəsində şəhid olmuş igid övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra universitetin rektoru, professor Yusif Yusibov çıxış edərək Zəfər günü bayramı münasibətilə tədbir iştirakçılarına xoş arzularını bildirdi. Həmçinin çıxışında onu da vurğuladı ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 28 il erməni əsarətində olan torpaqlarımızı azad etdi. Noyabrın 8-də  uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən Şuşa şəhəri azad edildi.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək o qanlı-qadalı günlərdən danışaraq dedi ki, cəbhədə uğursuzluq qazanan erməni işğalçıları müharibənın qızğın çağında dinc əhalini raket atəşinə tutmağa başladı. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə atdığı raket zərbələri nəticəsində insan tələfatı ilə yanaşı, çoxlu sayda evlər də dağıldı.

  Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Zəki Öztürk çıxışında 44 günlük müharibə zamanı qardaş ölkənin, şəxsən dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqının yanında olmasını, Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da sarsılmaz olacağını diqqətə çatdırdı.

Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik!