milli qurtuluş günü

Xalqların taleyində əlamətdar təqvimlərin, tarixi günlərin böyük əhəmiyyəti var. İllər keçdikcə həmin tarixi günlərin mahiyyəti, millətin taleyindəki əvəzsiz rolu yenidən araşdırılır. Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun tarixi də xalqımızın tarixində bu cür müstəsna əhəmiyyətə malikdir.
1991-ci ildə xalqımız uzun illər arzusunda olduğu dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyin ilk günlərindən başlayaraq daxili çəkişmələrin, Azərbaycanın inkişafını istəməyən xarici qüvvələrin səyləri nəticəsində ölkədə xaos və özbaşınalıq mühiti yarandı. Belə bir şəraitdə ölkəmizi bu acınacaqlı vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev çıxara bilərdi. Xalqımız nəhayət, özündə güc taparaq müdrik qərar verməyi bacardı. Bu qərar ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi idi. Məhz ölkənin, xalqımızın milli qurtuluşunu şərtləndirən bu tarixi qərarın əhəmiyyəti bu gün ərazi bütövlüyünü təmin etmiş qüdrətli Azərbaycanda daha parlaq, əzəmətli görsənir!