Xalqımızın yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar”, “20 Yanvar” faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsindən bizi tam 34 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridildi. Dinc əhaliyə amansızcasına divan tutuldu. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi. Həmçinin yaralananlar və itkin düşənlər də oldu. Həmin hadisələrdən bizi cəmi 34 illik bir tarix ayırır. Bu tarix çərçivəsində ölkəmiz müstəqillik qazanmış, xalqımız özünün müstəqil dövlətini qurmuş və böyük inkişaf yolu keçərək dünya ölkələri sırasında özünəməxsus şərəfli yer tutmuşdur.