
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Mastercard Beynəlxalq Korporasiyası tərəfindən Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı ayı münasibətilə “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” virtual kursu üzrə elan olunan müsabiqə başa çatdı. Məqsəd əhalinin maliyyə məlumatlılığı, o cümlədən rəqəmsal ödənişlər istiqamətində bilik və bacarıqlarının artırılması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi, Virtual Təhsil Platformasının əhali arasında təşviq edilməsidir. Regionlarda olan iştirakçıların imtahanlarının bir qismi Gəncə Dövlət Universitetində, bir qismi isə onlayn formada, Bakıda yaşayan iştirakçılar üçün isə Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olundu. Müsabiqədə, regionlardakı ali təhsil müəssisələri də daxil olmaqla 20-dən çox universitetdən 218 tələbə iştirak etdi. Onlardan 15 ən yüksək nəticə göstərmiş tələbə müsabiqənin qalibləri elan edildi və onlara planşet hədiyyə olundu. 66 nəfər isə imtahanda 70% nəticəni keçdiyi üçün uğurlu iştirakçı adı ilə təltif olundu. Müsabiqə çərçivəsində universitetimizin Kimya-biologiya müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Məmmədova Turan Rövşən qızı yüksək nəticə göstərmiş, ilk 15-liyə daxil olaraq 86.67 balla qalib olmuşdur. Fakültə kollektivi olaraq biz də onu təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik!
