
2025-ci il 9 aprel tarixində GDU-nun Ekoklubunun təşəbbüsü və təşkilatçılığı ilə universitetin Yeni Gəncə ərazisində yerləşən şəxsi sahəsində ekoloji yönümlü ağacəkmə aksiyası həyata keçirildi. Aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsi, ekoloji şüurun artırılması və yaşıl mühitin yaradılması olub. Tədbirdə 50-dən artıq ekokönüllü tələbə, müxtəlif fakültələrin nümayəndələri və magistratura pilləsində təhsil alan bir neçə tələbə iştirak edərək, ağacəkmə prosesində fəallıq nümayiş etdirdilər. Onlar bu təşəbbüsü ətraf mühitə olan məsuliyyətin bir göstəricisi kimi qiymətləndirərək, Gəncə Dövlət Universitetinin yaşıl kampusa çevrilməsi istiqamətində bir addım atdıqlarını bildirdilər. Aksiyada universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Pərviz Adıgözəlov, Tələbə Gənclər Təşkilatının (TGT) sədri İsrafil Abbasov, Ekologiya və Təbiəti Mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova, Ekoklubun fəal sədrlərindən Mirfəqan Hacıyev və Zəhra İsgəndərova fəal iştirak etdilər. Bundan əlavə, Ekologiya və Təbiəti Mühafizə kafedrasının müəllimləri — Vüsal Musayev və Zabitə Ələkbərova da tədbirdə iştirak edərək tələbələrlə birlikdə ağaclar əkdilər. Müəllimlər çıxış edərək ekoloji maarifləndirmənin və tələbələrin bu sahəyə cəlb olunmasının vacibliyini vurğuladılar. Aksiya zamanı müxtəlif növ dekorativ və həmişəyaşıl ağaclar əkildi. Əkilən ağacların baxımı ilə bağlı davamlı nəzarət və qulluq işlərinin aparılması nəzərdə tutulur. Bu təşəbbüs, universitetin ekoloji cəhətdən dayanıqlı bir təhsil mühiti formalaşdırmaq istiqamətində atdığı mühüm addımlardan biri kimi dəyərləndirilir. GDU Ekoklub bu cür fəaliyyətləri ilə tələbələrdə ətraf mühitə qarşı diqqət və məsuliyyət hissinin formalaşmasına, həmçinin könüllülük və ictimai təşəbbüslərin inkişafına töhfə verməyə davam edir.
