“Təbiət və sosial elmlər sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirildi

GDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Təbiət və sosial elmlər sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Elmi  konfrans müasir kimya, biologiya, fizika, aqrar və sosial elmlərin aktual problemlərinə həsr edilib.  Mövzu ilə bağlı 500-dən çox məqalə  5 cilddə kitabda nəşr olunub. Konfransda Gəncə şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər Təşkilatı və Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun rəsmi nümayəndələri, universitet rektorları, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan, Gürcüstan Respublikasının alimləri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri, müəllim və tələbə heyəti iştirak ediblər. Elmi konfransdan öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb. Daha sonra konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər. Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib. Ulu Öndərin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.