Əlamətdar ekoloji təşəbbüs: 3 ton 752 kq makulatura təhvil verildi

GDU-nun nəzdində fəaliyyət göstərən Ekoklubun təşəbbüsü və təşkilatçılığı ilə universitet tarixində ən böyük miqyaslı ekoloji kampaniyalardan biri uğurla həyata keçirildi. Nəticədə 3 ton 752 kiloqram makulatura toplanaraq təkrar emal üçün təhvil verildi. Bu təşəbbüs yalnız tullantıların azaldılmasına deyil, həm də ətraf mühitin qorunmasına, tələbələrdə ekoloji düşüncənin formalaşmasına və təbiətə qarşı sosial məsuliyyət hissinin güclənməsinə mühüm töhfə verdi. Bu əlamətdar təşəbbüsün reallaşmasında aşağıdakı şəxslərin və qurumların dəstəyi xüsusi qeyd olunmalıdır:

Dekan professor İsfəndiyar Alverdiyev – kampaniyanın uğurlu icrasına verdiyi institusional və mənəvi dəstəyə görə

Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova – elmi əsaslara dayanan və ekoloji şüura xidmət edən yanaşması ilə bu prosesə dəyər qatdığı üçün

Kimya kafedrasının müdiri dosent Aynur Məmmədova – tələbələrin maarifləndirilməsi və təşviqində göstərdiyi fəal roluna görə

Ekoklubun koordinatoru, gənc müəllim Vüsal Musayev – kampaniyanın idarə olunmasında təşəbbüskarlıq və operativ dəstəyi ilə

Ekokönüllülər, tələbələr və universitet gəncləri – təbiət naminə sərf etdikləri əmək və fədakarlığa görə

ADAU-nun EcoForce Clubu, 380 kiloqram makulatura ilə aksiyaya verdiyi dəstəyə görə — regional əməkdaşlıq və ekoloji həmrəyliyə görə

Təşkilatçı heyətdə xüsusi təşəkkürümüzü bildiririk:

Mirfəqan Hacıyev (Ekologiya mühəndisliyi ixtisası üzrə I kurs tələbəsi) – kampaniyanın təşviqat və icrasında liderlik və komanda koordinasiyasına verdiyi mühüm töhfələr

Zəhra İsgəndərova (Ekologiya ixtisası üzrə II kurs tələbəsi) – layihənin təşkili və tələbələr arasında motivasiyanın yaradılmasında əvəzsiz rolu ilə

Bu təşəbbüs bir daha göstərdi ki, həmrəy və məqsədyönlü fəaliyyət sayəsində ətraf mühitin qorunması istiqamətində ciddi və davamlı nailiyyətlər əldə etmək mümkündür. GDU Ekoklubu olaraq “Təbiət üçün birlikdə!” şüarı altında ekoloji mübarizəmizi bundan sonra da qətiyyətlə davam etdiririk!