
Fakültənin nəzdində fəaliyyət göstərən Ekoklubun təşəbbüsü ilə birinci kurs Ekologiya ixtisası tələbələri ilə görüş təşkil olunub. Tədbirdə Ekoklubun sədri, tələbə Mirfəqan Hacıyev və Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova iştirak ediblər. Görüşün əsas məqsədi yeni qəbul olunan tələbələri universitet mühiti ilə yaxından tanış etmək, onların təhsilə adaptasiyasını asanlaşdırmaq və gələcəkdə qarşılaşa biləcəkləri imkanlar barədə məlumatlandırmaq olub. Professor Sevda Əhmədova çıxışı zamanı ekologiya sahəsinin müasir dövrdə əhəmiyyətini vurğulayaraq bu ixtisas üzrə mütəxəssislərin həm ölkəmizdə, həm də beynəlxalq miqyasda böyük tələbat gördüyünü qeyd edib. O, tələbələrə ixtisas üzrə müxtəlif istiqamətlərdə – ətraf mühitin mühafizəsi, təbiət sərvətlərindən səmərəli istifadə, ekoloji monitorinq və digər sahələrdə geniş iş imkanlarının mövcud olduğunu bildirib. Ekoklubun sədri Mirfəqan Hacıyev isə çıxışında tələbələri həm akademik təhsillərində, həm də sosial və ictimai fəaliyyətlərində fəal olmağa səsləyib. O, GDU-nu seçmələrinin onlar üçün böyük üstünlüklər yaradacağını, universitetdə tələbələrin bilik və bacarıqlarını inkişaf etdirmək üçün hər cür şəraitin olduğunu xüsusi vurğulayıb. Sonda o, birinci kurs tələbələrinə uğurlar arzulayaraq onların həm təhsil həyatında, həm də sosial aktivliklərində hər zaman dəstək olmağa hazır olduqlarını bildirib.
Görüş qarşılıqlı müzakirələrlə davam edib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
